Marneulidə yaşayan Zeynalovlar ailəsi 7 iyun tarixində baş
vermiş təbii fəlakət nəticəsində zərər çəkən ailələrdən
biridir.
Təbii fəlakət zamanı bütün məişət avadanlıqları məhv olmuşdu, evdə
yata bilmirdilər və həftələr ərzində tövlədə yatmışdılar.
Bənövşə Zeynalova pensiyaçıdır, deyir ki, elə də ehtiyac içində
idilər, təbii fəlakət isə onların iqtisadi vəziyyətini daha da
ağırlaşdırıb.
“Televizorum getdi, soyuducum getdi,
radiom getdi, hər şey suyun içində batdı”, - Bənövşə
Zeynalova deyir.
Zeynalovanın dediyinə görə, Marneuli meriyası 1500 lari həcmində
birdəfəlik yardım verib. Lakin deyir ki, kifayət etməyib. Sosial
yardıma ümid edir, lakin Marneuli Sosial Xidməti yüksək reytinq
balına görə onlara ehtiyac içində yaşayan statusu verməyib.
Zeynalovlar ailəsi isə yardımın vacib olduğunu bildirir.
Marneuli merinin müavini Laşa Lobjanidzenin dediyinə görə,
Marneulidə yalnız təbii fəlakətdən zərər çəkən iki ailənin hər
birinə 1500 lari yardım göstərilib. Digər zərərçəkənlərə dəymiş
ziyan çox az olduğundan onlara kompensasiya verilməyib.
Marneuli Sosial Xidmət Agentliyindən bildirirlər ki, konkret ailə
haqqında məlumat verməyə ixtiyarları yoxdur, lakin deyirlər ki,
əgər ailə müraciət edərsə, onlara nə üçün sosial yardım
verilmədiyini izah etməyə hazırdırlar.