Bu gün 15 iyun tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyi
(USAID) tərəfindən maliyyələşən “Zrda” layihəsi çərçivəsində
Marneuli və Tsalka Fermerləri Xidmət Mərkəzinə laboratoriya
ləvazimatları verildi.
“Zrda” layihəsi rəhbərinin müavini Ketevan Çumburidze bizimlə
söhbətində bildirdi ki, müasir laboratoriya ləvazimatlarının
verilməsi fermerlərə praktiki məsləhətlərlə kömək etmək və məhsulun
keyfiyyətini artırmaq imkanı verəcək.
“Bu laboratoriya ləvazimatları mütəxəssislərin
Marneulidə və ümumiyyətlə Kvemo Kartlidə bizim köməyimizlə salınmış
istixana və bağlarda laborator testlər aparması üçün mühümdür.
Kvemo Kartlidə USAİD ZRDA layihəsi çərçivəsində təxminən 7 istixana
və 16 bağ salınıb. İstehsalın keyfiyyətinin artırılması və
yaxşılaşdırılması üçün laboratoriya ləvazimatlarının hər zaman
hazır olması çox mümüdür ki, fermerlər öz bağlarında,
istixanalarında istənilən vaxt testlər apara bilsinlər və bununla
da məhsulun keyfiyyətinin artırılmasına dəstək
olsunlar”- deyə Ketevan Çumburidze bildirdi.
Bu günkü görüşdə fermerlərə həmin ləvazimatlardan öz
təsərrüfatlarında necə istifadə edəcəklərini praktiki olaraq
göstərdilər.
Tsalka bələdiyyəsindən olan fermer Ramaz Şavadze bildirdi ki, onun
üçün laboratoriya ləvazimatları ilə işləmək yeni təcrübədir və
fikirləşir ki, bu ləvazimatlardan səmərəli şəkildə istifadə edəcək
və məhsuldarlığı artıracaq.
“Bu layihə bizim üçün çox əhəmiyyətlidir. Əhaliyə daha çox məhsul
əldə etməyə yardım edir. Yəqin ki məhsuldarlığı yüksəldər, əhali bu
baxımdan çətinlik çəkir. Fikrimcə səmərəli olacaq. gələcək
göstərər” – deyə Ramaz Şavadze bildirdi.
USAID tərəfindən maliyyələşən “Zrda” layihəsi beşillik proqramdır.
Bu proqramın məqsədi Gürcüstanın beş bölgəsində 81 icmanın davamlı
iqtisadi inkişafına dəstəkdir. Layihə sərhədyanı və etnik
azlıqların yaşadığı əraziləri əhatə edir.