15 iyun tarixində bütün dünyada yaşayan müsəlmanlar "Ramazan"
bayramını qeyd edirlər.
Müsəlmanlar bayramla əlaqədar olaraq bir sıra tədbirlər həyata
keçirirlər. Gürcüstanda yaşayan müsəlmanlar da "Ramazan" bayramını
qeyd edirlər.
Marneulidə fəaliyyət göstərən Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsi tərəfindən Marneuli Mədəniyyət Mərkəzinin qarşısındakı
Nəriman Nərimanovun heykəli yerləşən parkın ərazisində bayram
tədbiri keçirməyi planlaşdırırlar. Bayram tədbirinin keçirilməsi
üçün təşkilat Marneuli
meriyasına ərizə ilə müraciət edərək tədbir
iştirakçılarının təhlükəsizliyini qorumaq üçün meriyadan polis
ayırılmasını istəyiblər. Marneuli meriyası isə məktuba cavabında
Marneulidə rəsmi olaraq Nərimanov adına parkın olmadığını və
müvafiq olaraq onların xahişini yerinə yetirə bilməyəcəklərini qeyd
ediblər.
Bu haqda "Marneuli" radiosuna Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsinin sədri Seyid Mirtəği Əsəsdov məlumat verdi. O, bildirdi
ki, bir neçə ildir "Ramazan" bayramını onlar açıq səma altında
keçirirlər. Bu ildə bayram bu formada keçirilməsini istəyiblər.
“Biz Mədəniyyət evini Nərimanov adına bilirik və
Nərimanov parkı deyə bilirik. Heykəl olduğu üçün və yazmışıq ki,
sizi Nərimanov parkda olan yığıncağa dəvət edirik. Bizə məktub
yazıblar ki, 14 iyun tarixində bizim ərazimizdə elə bir yer yoxdu.
Sizə kömək edə bilmərik” – deyə Seyid Mirtəği Əsəsdov
bildirdi.
Seyid Mirtağı Əsədov onu da bildirdi ki, bu gün Meriya tərəfindən
onlara zəng vurublar və tədbiri keçirə biləcəklərini
bildiriblər.
“Bundan sonra bizə telefonla xəbər gəldi ki,
anlaşılmazlıq olub işinizdə olun səhv anlaşılma olub. Bizim
qardaşlarımızdan biri getdi və görüşüb bəzi şəxsləri dəvət etdi.
Hörmət olaraq ki, dövlət məmurudu. Səhv anlaşılma
olub” – deyə Seyid Mirtəği Əsəsdov bildirdi.
Qeyd olunan məsələni aydınlaşdırmaq üçün Marneuli merinin birinci
müavini Zaur Tapatadze ilə əlaqə saxladıq. O bildirdi ki, onlara
məktub düzgün formatda yazılmayıb. Onlara ünvanlanan məktubda
Nəriman Nərimanov parkında keçiriləcək tədbirin təhlükəsizliyini
təmin etmək üçün hüquq mühafizəçilərinin ayrılmasını istəyirlər.
Lakin onlar cavab veriblər ki, Marneulidə rəsmi olaraq belə bir
ərazi yoxdur və mövcud olmayan ərazi dövlət orqanlarını dəvət edə
bilməzdilər.
“Mövcud olmayan ərazinin qorunması üçün hüquq mühafizə
orqanlarına müraciət etməmizi istəmişdilər. Bizdən tədbir keçirmək
üçün icazə istəməmişdilər ki, biz də cavab verdik ki, belə yer
mövcud deyil və müvafiq olaraq marneuli bələdiyyəsi öz
səlahiyyətləri çərçivəsində müraciəti müzakirə edə bilməyəcək. O nə
sözdür, keçirsinlər, niyə qarşı çıxaq ki?” – deyə
Zaur Tapatadze bildirdi.
Xatırladaq ki, bu gün 19:oo-da Marneuli mədəniyyət evinin
qarşısında "Ramazan" bayramı ilə əlaqədar tədbirinin keçirilməsi
planlaşdırılır.