Marneuli dənli bitkilərə görə yanğın təhlükəsi olan bölgə hesab
olunur. Məhz yay dövrünün yanğın təhlükəsinin çox olduğu mövsüm
olması ilə əlaqədar olaraq Fövqəladə Halların İdarəolunması
Xidmətinin Marneuli Yanğınsöndürmə-Xilasetmə Xidmətinin
nümayəndələri meriyada görüş keçirdilər.
“Marneuli” radiosu ilə söhbəti zamanı Kvemo Kartli Fövqəladə
Halların İdarəolunması Xidmətinin direktor müavini Davit Qelaşvili
qeyd etdi ki, yayda temperaturun yüksəlməsi ilə əlaqədar
olaraq
yanğın riski də artır və Marneuli də bu baxımdan təhlükəli zona
hesab olunur. Marneuli bələdiyyəsində dənli bitkilər çox olduğuna
görə, yanğın təhlükəsi də yüksəkdir.
“Marneuli və Qardabani onunla seçilirlər ki, burada
dənli bitkilər var. Burada artıq çətin istiqamət var. Dənli
bitkilərin yığılması prosesinin təhlükəsiz həyata keçirilməsi
tələbatı yaranıb” – deyə Davit Qelaşvili
bildirdi.
Qelaşvili deyir ki, görüşdə fermerlərə yanğın baş verməsi halında
tez söndürülməsi üçün sahələrin necə təhlükəsiz bölünməsi barədə
məlumat veriblər.
“İlkin yanğınsöndürmə vasitələri və ayırıcı zolaq
çəkmək üçün traktor adlanan kənd təsərrüfatı texnikaları taxıl
biçilən zaman orada hazır durmalıdır. Yanğınsöndürən vasitələr
kombaynda da olmalıdır, çünki ola bilər ki kombayn özü yanğın
mənbəyi olsun. Texnikanın yanğınsöndürmə ləvazimatları baxımından
yaxşı vəziyyətdə olması tələb olunur” – deyə Davit
Qelaşvili bildirdi.
İsa İsayev fermerdir. O, da meriyada keçirilmiş görüşdə iştirak
edib. Deyir ki, məhsulu artıq yığıb. Özünün taxıl yığımı üçün
texnikası yoxdur, buna görə də biçdirməli olur. Onlara görüşdə
texnikaların yanğın əleyhinə ləvazimatlarla təchiz edilməli
olduğunu deyiblər.
Qelaşvilinin dediyinə görə, məhsul yığımı üçün lazım olan texnikada
yanğınsöndürən ləvazimat olmalıdır. Çünki maşın özü də yanğına
səbəb ola bilər.
O, deyir ki, bəzi hallarda torpaq sahələri yaşayış məntəqələrinə
yaxın ərazidə yerləşir. Belə hallarda sakinlər də məlumatlı olmalı
və müvafiq ölçü götürməyi də bilməlidirlər.
Marneuli meriyasında 6 iyul tarixində yay mövsümündə yanğın
təhlükəsi ilə bağlı işgüzar görüş keçirilib. Bu haqda məlumat
Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində paylaşılıb.
Məlumatdan aydın olur ki, Fövqəladə Halların İdarəolunması
Xidmətinin əməkdaşları görüş iştirakçılarına yay mövsümündə yanğın
təhlükəsi ilə bağlı mütləq nəzərə alınmalı olan tövsiyələr və
məhsul yığımında iştirak edən şəxslər üçün hazırlanmış yanğın
əleyhinə təlimatla tanış ediblər.
Yayımlanmış məlumatda təlimatların nədən ibarət olduğu, hansı
tövsiyələrin verildiyi haqda heç nə yazılmayıb. Məlumat almaq üçün
Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze ilə
əlaqə saxladıq. Onun dediyinə görə, görüşün keçirilməsi üçün sadəcə
otaq ayırıblar və görüş haqda ətraflı məlumat almaq üçün görüşün
təşkilatçıları ilə əlaqə saxlamağımızı tövsiyə etdi.