Axlımahmudlu kəndinin sakinləri içməli su problemindən
şikayətlənirlər. Onların sözlərinə görə, 10 günə yaxındır ki,
kənddə içməli su yoxdur.
Kəndin içməli suyu Şulaver ərazisində yerləşən su anbarından gəlir.
Kənd sakinlərinin sözlərinə görə, onlar aidiyyəti orqanlara
dəfələrlə müraciət etsələr də, problem həll olunmayıb.
Kəndin mərkəzi hissəsində yaşayan 55 yaşlı Həsənova Nübar içməli su
ehtiyacını həyətlərində öz hesablarına qazdırdıqları
su quyusu ilə
qarşıladıqlarını deyir. Onun sözlərinə görə, əvvəllər gəlsə də, son
günlər su gəlmir. Bu onu və digər kənd sakinlərini narahat
edir.
"Marneuli Kənd Su" MMC-nin direktoru Nəbi Abdullayev "Marneuli"
Radiosuna bildirdi ki, həmin ərazidə içməli suyun verilməməsinin
səbəbi borularda yaranan qəzalardır. Qəza baş verən ərazilərdə
təmir işləri həyata keçirilib və baş verən qəzalar aradan
qaldırılıb. Əhaliyə verilən içməli su isə bərpa olunub və qrafikə
əsasən verilir.
Nəbi Abdullayev onu da əlavə etdi ki, 10 gün ərzində İmir kəndində
tikintisi başa çatacaq su quysunun istifadəyə verilməsi
planlşdırılır. Həmin su quyusu istifadəyə verildikdən sonra
Axlımahmudlu, Araflı, Yenikənd və bəzi kəndlərdə içməli suyun
verilmə vaxtının artırılması planlaşdırılır.