Marneuli Bələdiyyə Məclisinə Dini və Etnik Məsələlər üzrə yeni ştat
əlavə olunub. Mariam Bələdiyyə Məclisindəki yeni ştatın
ekspertidir, lakin bu onun vəzifəsinin adıdır və özünü ekspert
hesab etmir.
Deyir ki, ekspert olmaq üçün daha çox şeyə ehtiyac var. İşləməsinə
isə müxtəlif dini və etnik seminarlarda iştirak etməsi və
Marneulinin xüsusiyyətlərini yaxşı bilməsi əsas verir.
“Bu məsələ ilə bağlı ekspert ixtisasım yoxdur. Bu
vəzifənin adıdır. Bildiyiniz kimi, ekspert başqa şeydir. Təhsil
aldığım universitetdə ilahiyyatçılıq fakültəsi var idi, tez-tez
dini görüşlərdə iştirak edirdim. Dini təhsilim yoxdur, ilahiyyatçı
deyiləm”, - deyə Mariam İriauli bildirdi.
Marneuli bələdiyyəsinin Dini və Etnik Məsələlər üzrə eksperti
Mariam İriauli deyir ki, onun vəzifəsi Bələdiyyə Məclisinə daxil
olan məsələlərin müzakirəsindən ibarətdir.
“Əsas vəzifəmiz Bələdiyyə Məclisinə dini və etnik
azlıqlarla bağlı daxil olan məktubları müzakirə etmək və onlara
cavab verməkdir. Müraciət olunduğu halda etnik azlıqların
problemlərini araşdırmaq və ya statistikasını hazırlamaq və
problemin həlli üçün müvafiq plan işləyib
hazırlamaqdır”, - Mariam İriauli bildirir.
Mariam artıq Bələdiyyə Məclisinə deyil meriyaya gəlmiş məktubu
müzakirə edib.
“Dini simvollarla bağlı bir məktub daxil olmuşdu.
Düzdür vəzifəm Bələdiyyə Məclisindədir, məktub isə meriyaya
gəlmişdi. Amma dini məzmunda olduğu üçün biz müvafiq cavab
verdik”, - deyə Mariam İriauli qeyd edir.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze deyir ki,
çoxmillətlilikdən irəli gələrək yeni ştatın əlavə olunmasına
ehtiyac var idi.
“Biz istəyirik ki, digər millətlərlə sıx dostluq
münasibətlərimiz olsun və bu istiqamətdə işlər planlaşdırırıq ki,
milli azlıqlarla görüşlər keçirək, bizim aramızda daha yaxşı, dost
münasibətləri formalaşsın”, - Amiran Qiorqadze
deyir.
Mariam İriauli ixtisasca hüquqşünasdır. O, Tbilisi Açıq Tədris
Universitetinin Hüquqşünaslıq Fakültəsinin magistridir. Marneuli
Bələdiyyə Məclisinin Dini və Etnik məsələlər üzrə eksperti
vəzifəsinə isə təxminən iki aydır ki, təyin olunub.