Marneuli kəndlərində üfunətli Asiya böcəyi qeydə alınmayıb - üfunətli böcəyin digər növləri isə dövlətin müdaxilə edəcəyi qədər kütləvi zərər vurmayıb

Marneuli kəndlərinin sakinləri üfunətli böcəyin yayılmasından şikayət edirlər. Bu barədə Tamarisi və Tsereteli sakinləri bu gün, 4 sentyabr tarixində Kvemo Kartlinin yeni təyin olunmuş qubernatoru ilə görüşü zamanı söhbət açıblar.


Onlar bildiriblər ki, üfunətli böcək məhsulu məhv etməkdən başqa evlərə də girir. Sakinlərin dediyinə görə, bu il demək olar ki, məhsul götürə bilməyiblər. Üfunətli böcək
xiyar, pomidor, qarğıdalı və meyvələri məhv edib. Onlarla müstəqil şəkildə mübarizə aparmaq isə çox çətindir.

“Şəxsən mən, hər şey əkmişəm, tərəvəz, meyvə. bu il fındıq daha yaxşı bar vermişdi. Amma yığa bilmədik. Xiyar-pomidor da mümkün deyil. Fikirləşirik ki zəhərlidir, qorxuruq” - deyə bildirdi kənd sakini.

“Hamının problemidir, hamını narahat edir. Gəlmişdilər. İki-üç növ üfunətli böcək var. Məhsul istifadəyə yaramır. Kənddə yetişdiririksə, niyə bazardan asılı olmalıyıq? amma yaramır, yeyə bilmirik. istəyirik ki, dərmanlasınlar, diqqət yetirsinlər. Fərdi olaraq bununla mübarizə apara bilmirik” - deyə bildirdi kənd sakini.



Kvemo Kartli qubernatoru Şota Rexviaşvilinin görüş zamanı dediyinə görə, bu il müvafiq xidmətlər məsləhətləşmələr aparır. Buna görə də, bu il sakinlər üfunətli böcəklə öz gücləri hesabına mübarizə aparsınlar. Bununla belə Rexviaşvili bildirdi ki, gələcəkdə üfunətli böcəklə mübarizə sahəsində işlər gücləndirilməlidir ki, məhsulu qorumaq mümkün olsun.

“Müəyyənləşdirdiyim qədər, bu il üfunətli böcəklə mübarizə üçün ayırılmış fond təəssüf ki, bura üçün nəzərdə tutulmayıb, lakin nəzərdə tutulmalıdır. Bu sahədə işlər görülməlidir. Buna görə də bu ili belə keçirməliyik, bu il öz qüvvəmiz hesabına mübarizə aparaq. Sonra isə başqa cür planlaşdırılmalıdır. Üfunətli böcəklə mübarizə istiqamətində məbləğ ayırlımalıdır ki, məhsulu qoruya bilək” - deyə bildirdi Şota Rexviaşvili.



Gürcüstan Ətraf mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli regional idarəsinin rəhbəri Qeronti Sivsivadzenin dediyinə görə, Marneuli kəndlərində üfunətli Asiya böcəyi qeydə alınmadığından bu böcəklə mübarizə aparmaq üçün dövlət tərəfindən pulsuz dərman verilməyəcək. Çünki yalnız üfunətli Asiya böcəyi ilə bağlı karantin elan olunub. Digər növ üfunətli böcəklər isə əhaliyə kütləvi zərər vurmayıb. Buna görə də, bu halda yalnız məsləhətlər vermək və monitorinq aparmaq mümkündür.

“Bunun üfunətli Asiya böcəyi olmadığı dəqiqləşdirilib. Üfunətli Asiya böcəyi olmadığına görə də bununla dövlət proqramı çərçivəsində mübarizə aparmaq mümkün deyil. Lakin biz bu yerli böcəklə mübarizə tədbirləri və vasitələri haqqında ətraflı məlumatlar vermişik” – deyə bildirdi Qeronti Sivsivadze.



Sivsivadzenin dediyinə görə, üfunətli böcəklə mübarizə üçün dərman vasitələri Marneulidə də var və bahalı deyil. O, deyir ki, qısa vaxt ərzində nəticə də əldə olunur. Sivsivadze Saimerlo kəndində sakinlərdən birinin onların məsləhəti ilə dərmanlama işləri apardığını və qısa vaxtda nəticə əldə etdiyini misal çəkir. Artıq kəndlərdə məlumat xarakterli görüşlər keçirilib və əlavə sual yarandıqda yenə onlara müraciət edə bilərlər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər