Yanvarın 25-də Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş
Marneuliyə səfər edib. Səfirin Kvemo Kartliyə səfərini Kvemo Kartli
Mülki Şurasının müdafiə və təhlükəsizlik üzrə koordinatoru Samirə
Bayramova təşkil edib.
Bələdiyyədə bir sıra ictimai təşkilatlar və fəal gənclərlə görüşlər
keçirilib.
Hubert Knirş Marneuli şəhərinin meri Kənan Ömərovla görüşüb, onlar
Marneulidə həyata keçirilən infrastruktur layihələri və kənd
təsərrüfatı məhsullarının ixracı barədə danışıblar.
"Marneuli" radiosu Almaniya səfiri ilə müsahibəni lentə almaq
imkanı əldə edib. Etnik azlıqların inteqrasiyası prosesində
dövlətin rolu nədir, Gürcüstanda demokratik dəyərlərin bərqərar
olmasına nə mane olur - bu suallara Hubert Knirş cavab verib:
1. Bu gün Marneuli bələdiyyəsində görüşlər keçirdiniz. İlk öncə
təəssüratlarınızı bizimlə bölüşün.
"Bu gün bələdiyyənin meri Kənan Ömərovla ilk görüşümüz
oldu. Həmçinin müxtəlif icma mərkəzlərinin nümayəndələri ilə
görüşümüz oldu və Kvemo Kartli bölgəsində bu qədər fəal gənclərin
olması məni çox təsirləndirdi. Onlar yerli əhalinin yaşam şəraitini
yaxşılaşdırmaq və gənclərə daha yaxşı təhsil mühiti yaratmaq
istəyirlər.”
2. Bildiyimizə görə, siz beynəlxalq təşkilatların köməkliyi ilə
yaradılmış Xuldarə kənd icma evində, həm də burada, Azərbaycanın
köməkliyi ilə yaradılmış Marneuli Çay Evində olmusunuz. . Hər iki
təşkilat inteqrasiyanı təşviq etmək üçün çalışır. Bizə etnik
azlıqların inteqrasiyası prosesində dövlətin hansı rolu oynadığını
söyləyəsiniz.
"Əhalinin inteqrasiyasına və inkişafına şərait
yaratmaqda dövlətin üzərinə böyük məsuliyyət düşür, lakin müəyyən
dərəcədə impulslar cəmiyyətdən gəlməyibsə, deməli, bu proseslər
ləng gedir. Cəmiyyətin aktiv olması vacibdir və mən də şadam ki,
impulsları dəqiq gördük . O, təkcə dövlətə baxmır, həm də
məlumatları özü araşdırır, nə edəcəyini anlayır. Məsələn,
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, problemləri həll edir,
hökumətə müraciətlər edir ki, əhalinin problemlərini onlara
çatdırsın.
3. Sizcə, Gürcüstanda demokratik dəyərlərin bərqərar olmasına nə
mane olur?
"Gürcüstan müstəqillik əldə edəndən bəri 30 ildir ki,
bunu inkişaf etdirir. Gürcüstan demokratiyası çox irəliləyişlər,
çoxlu uğursuzluqlar əldə edib, lakin bu inkişafın daşıdığı ən böyük
yük iki əsas partiyanın qarşıdurmasıdır. Qütbləşmə çox böyükdür və
o yalnız siasyi spektri əhatə etmir - müxtəlif təşkilatları, o
cümlədən medianı da əhatəm edir ki, bu da inkişaf prosesinə xələl
gətirir və ümid edirəm ki, bu, sadəcə olaraq, keçib gedəcək və
aradan qaldırılacaq bir mərhələdir, normal münasibətlər qurulacaq
və bir-biri ilə ünsiyyət qurmaq, dəyərlər qurmaq və demokratiyanı
inkişaf etdirmək daha asan olacaq”.
4. Təəssüf ki, dövlət dilinin, o cümlədən məktəb səviyyəsində
öyrənilməsi məsələsi rayonumuzda problem olaraq qalır. Almaniya
təcrübəsini və bu problemi həll etmək üçün dövlətin nə etməli
olduğunu bölüşərdinizmi.
"Almaniyada bir neçə bölgə var ki, orada əsrlər boyu
yaşamış etnik azlıqlar var. Biz son onilliklərdə başqa ölkələrdən
olan etnik azlıqlarla işləməkdə böyük təcrübə toplamışıq.
Almaniyaya çoxlu etnik azlıqlar gəlib və bizdə çoxlu sayda etnik
azlıqlar var. Almaniyaya böyük bir mühacir dalğası gəldi, bir ildə
bir milyon miqrant Almaniyaya gəldi, sonra dövlət bu insanların
alman dilini öyrənməsi üçün çoxlu pul xərclədi və tamamilə
təmənnasız olaraq alman dilini öyrətdi. Hesab edirəm ki, dövlət
bütün insanların dövlət dilini öyrənməsi üçün əlindən gələni
etməlidir. Əgər bunu etməsə, nəinki dili bilməyənlər əziyyət
çəkəcək, hətta həm də dövlətin özü”.
5. Hazırda dünyada cərəyan edən ümumi geosiyasi prosesləri nəzərə
alaraq, biz Ukraynada baş verən son prosesləri nəzərdə tuturuq.
Sizcə, indiki vəziyyəti nəzərə alsaq, Gürcüstanın NATO və Avropa
İttifaqına daxil olması daha asandır, yoxsa əksinə, bu proseslər
ona mane olacaqmı?
"Son hadisələrin təbii ki, çox böyük siyasi yükü var. O
ki, qaldı Rusiya-Ukrayna, həm də Rusiya-Qərb qarşıdurmasına. 20 il
ərzində biz Rusiyanın bir güc olduğunu, yəni hesablaşmanın olduğunu
gördük. Beynəlxalq münasibətlərdə Gürcüstanda müxtəlif
istiqamətlərdə müharibələr, Ukrayna ilə münaqişələr olub və biz
görürük ki, o, indi özünü müdafiə olunmadığını bəyan edir və
qorunma zəmanəti tələb edir. Qonşularla yaxşı münasibətlərə malik
olmaq lazımdır və mən Rusiyanın bu qənaətə gələcəyinə və buna uyğun
hərəkət edəcəyinə inamı saxlamaq istəyirəm”, - deyə
Hubert Knirş bildirib.
Qeyd edək ki, Almaniya səfiri bu gün Gürcüstandakı
Azərbaycanlıların İnteqrasiya Mərkəzində, “Çay evi”ndə və
Qardabanidə də olub.