Saxta xəbər: Rifampisin koronavirusun müalicəsi üçün yeganə təsirli dərmandır
Hökm: saxta xəbər


Sosial şəbəkədə saxta məlumat yayımlanıb. Məlumata görə, “Rifampisin koronavirusun müalicəsi üçün yeganə təsirli dərmandır. 100% zəmanətlə deyə bilərəm ki, yoluxma halında insan həyatını qoruyur və xəstəyə süni tənəffüs aparatı, xəstəxana lazım gəlmir. Dərmanı yalnız “Pharmadepo” və “Aversi”-də əldə etmək mümkündür. Qiyməti 5 laridir. Al və nə vaxtsa ehtiyacın olsa, ona ümid bəsləyə bilərsən. Yalnız bu dərman ağciyər iltihabını (sətəlcəm) yox edir və ən ağır vəziyyətdə də insana kömək edir.” (Baxın link; link 2).

Rifampisinin koronavirusun müalicəsi üçün yeganə təsirli dərman olduğu və ən ağır vəziyyətlərdə də onun sizə kömək edəcəyi iddiası saxta xəbərdir.
Rifampisin yarı sintetik antibiotikdir. Əsasən vərəm xəstəliyi zamanı istifadə olunur. Həmçinin, bu dərman ağciyərlərin və tənəffüs yolları xəstəlikləri (bronxit, sətəlcəm), osteomielit, pielonefrit, sidik və öd yolları infeksiyaları, xolesistit, kəskin qonoreya, otit, meninqokokk infeksiyası zamanı təyin olunur.
Güclü əks təsirlərə görə böyrək və qaraciyər xəstəlikləri olan xəstələrə Rifampisindən istifadə etmək olmaz. Dərmanı qəbul edən zaman allergiya reaksiyaları, dispeptik hadisələr, qaraciyər və mədəaltı vəzin funksiyasının pozulması baş verə bilər. Dərman reseptlə verilir və həkimin təlimatı olmadan onu qəbul etmək sağlamlıq üçün təhlükəlidir!

Covid-19 bakteriya infeksiyası deyil. O, virus xəstəliyidir və antibiotik ona təsir göstərmir. Antibiotik yalnız bakteriya infeksiyasına qarşı təsir göstərir. Ondan düzgün istifadə etməmək antibiotiklərə qarşı müqavimətin yaranması riskini artırır. Covidə yoluxmuş xəstələrin bununla yanaşı bakteriya infeksiyası olarsa, bu zaman antibiotikdən istifadəsi lazım ola bilər.

Antibiotiklər yalnız həkimin göstərişi ilə qəbul edilir və özünümüalicə sağlamlıq üçün təhlükəlidir!

Yeni koronavirus tənəffüs yollarına ziyan vurmaqla sağlamlıqda problemlər yaradır. Virus ola bilsin ağciyər hüceyrələrinə daxil olsun və ağciyər quruluşuna zərər vursun. Əksər hallarda virus yüngül şəkildə keçir, ancaq bəzi hallarda ağır çətinliklərə səbəb olur və bu ölümcül nəticə verə bilər. Orta və kritik hallarda sətəlcəm (ağciyər iltihabı), yaxud ciddi tənəffüs çətinliyi sindromu əmələ gələ bilər. Bu zaman ağciyər alveollarına maye yığılır. Yığılmış mayeyə görə ağciyərlərdə hava üçün yer qalmır. Nəticədə qan sisteminə olduqca az oksigen gedir. Ciddi tənəffüs çətinliyi sindromu zamanı oksigen verilməsi və süni havalandırma lazımdır. Qeyd edək ki, yaşlılar və xroniki xəstəlikləri (yüksək arterial təzyiq, tənəffüs sistemi xəstəlikləri, ürək-qan damar xəstəlikləri, diabet) olan şəxslər koronavirusa yoluxan halda daha çox ağır xəstəlik riski ilə qarşılaşırlar.
Paylaşımın müəllifi koronavirusa qarşı Rifampisinin effektivliyindən söhbət açaraq və onun ən ağır hallarda da kömək göstərəcəyini iddia etməklə virusa yoluxmuş adamın həyatını təhlükə altına atır!

Koronavirusa yoluxmuş xəstə antibiotiki özbaşına qəbul etməməlidir və sağlamlıq vəziyyətinin ağırlaşması halında mütləq ailə həkiminə müraciət etməlidir.

Covid-19 təsdiqlənən hallarda evdə müalicə alan zaman lazım olan tövsiyələr:
- Özünütəcrid qaydalarına ciddi riayət edin;
- Çoxlu maye qəbul edin;
- Həkimin təlimatı olmadan antibiotik, yaxud başqa dərman qəbul etməməlisiniz;
- Sağlamlıq vəziyyətinin pisləşməsi hallarında (tənəffüs çətinliyi, təngnəfəslik, sifətin, yaxud dodaq bölgəsinin siazonu və s.) ailə həkimi, yaxud 112 ilə əlaqə saxlayın.



Print Email
FaceBook Twitter Google