Covid-19-la bağlı konspirasiya toplusu
Hökm: saxta xəbər

Analiz

28 noyabr tarixində “Facebook” sosial şəbəkəsində istifadəçilər tərəfindən paylaşım edilib və paylaşım Covid-19-la bağlı müxtəlif növ dezinformasiya və konspirasiya nəzəriyyəsinin birləşməsindən ibarətdir. Material həmçinin, ictimai “Facebook” qruplarda da paylaşılıb: „კორონა მაფია“, „საერთო სახალხო მოძრაობა ქართველი ერის გადარჩენისთვის!“, „Photo-Fact GEORGIA“, „იტალიის ცის ქვეშ – L'ANIMA GEORGIANA“, „“საქართველო უპირველეს ყოვლისა!“ 6504 ძვ წ“.
Paylaşımda göstərilmiş bir neçə iddia hər hansı mənbəyə əsaslanmır və ictimaiyyəti səhv yola yönəldir.

İddia: Covid-19 pandemiyası yeni dünya nizamı yaratmaq üçün dünya maliyyə elitası, Dünya İqtisadi Forumu, Dünya Bankı tərəfindən təşkil edilmiş xüsusi əməliyyatdır
Hökm: Saxta xəbər


Konspirasiya nəzəriyyəçiləri koronavirus pandemiyası ətrafında müxtəlif konspirasiyaları tez-tez paylaşırlar. Konspirasiyalardan birinə görə koronavirus nüfuzlu, zəngin şəxsiyyətlərin və dünya iqtisadi təşkilatlarının yaxşı planlaşdırdığı xüsusi əməliyyatdır və dünyanın idarə edilməsi məqsədi daşıyır.

Əksər hallarda konspirasiya Dünya Bankı tərəfindən koronavirusla bağlı hazırlanmış strateji hazırlıq və reaksiya proqramına əsaslanır. Konspirasiya nəzəriyyəçilərinin sözlərinə görə, qeyd olunan sənəd qlobal idarəçiliyin yaradılması üçün əvvəlcədən hazırlanmış plandır. Koronavirus isə məqsədə çatmaq prosesində bu planın müəllifləri üçün bir vasitədir.

Həqiqətdə Dünya Bankı tərəfindən koronavirusla bağlı hazırlanmış strateji hazırlıq və reaksiya sənədinin məqsədi 2025-ci ilin 31 mart tarixində qədər, çoxfazalı layihələrin həyata keçirilməsi yolu ilə inkişaf etməkdə olan ölkələrə koronavirusdan dəymiş ziyanla mübarizə aparmaqda yardım etməkdir. Plan Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı (İBRD), Beynəlxalq İnkişaf Assosiasiyasının (İDA) əməkdaşlığı ilə yaradılıb. 2020-ci ilin 2 aprel tarixində yayımlanıb. Sənədə əsasən Dünya Bankı 15 ay ərzində 150-160 milyard ABŞ dolları dəyərində vəsait ayıracaq ki, həssas insan qruplarına pandemiyadan dəymiş zərərin azaldılmasında kömək etsin. Qeyd olunan yardım maddi xarakterlidir və benefisiar olan ölkələrdə kiçik və orta qurumlara dəstək göstərilməsini, eləcə də dərmanların əlçatanlığının maksimum artırılmasını nəzərdə tutur.

Dünya İqtisadi Forumu əksər hallarda konspirasiya nəzəriyyəçilərinin qurbanı olub. Əksər hallarda konspirasiya mənbəyini Dünya İqtisadi Forumunun 2020-ci ildə hazırladığı plandan götürür. Plan “Böyük sıfırlama” adlanır. Ancaq Dünya İqtisadi Forumunun planı total gücü ələ almaq üçün əvvəlcədən yazılmış ssenari deyil.

Həqiqətdə onun məqsədi ölkələrə koronavirus pandemiyasından yaranmış iqtisadi böhranla mübarizədə kömək etməkdir. Dövlətlərin iqtisadiyyat nazirlikləri, biznesmenlər və beynəlxalq iqtisadi əlaqələrin qurulmasında iştirak edən hər kəs “Böyük sıfırlama” planının hədəf auditoriyasıdır. Qeyd olunan təşəbbüs koronavirus pandemiyasından yaranmış beynəlxalq böhrana qalib gələcək tədbirlərdən ibarətdir.

İddia: Covid-19 təbiətdə mövcud olan təbii viruslarda olmayan komponentlər daşıyır. Covid-19 hələ heç bir heyvanda aşkarlanmayıb.




Hökm: saxta xəbər

Pandemiya başlayan kimi koronavirusun süni şəkildə yaradılması barədə çox sayda yanlış məlumat yayıldı. Onlarla alim 2020-ci ilin mart ayında nüfuzlu “Lancet” jurnalında yanlış məlumatları təkzib etmək üçün bəyanat yaydı. Alimlərin bildirdiyinə görə, Covid-19 təbii virusdur və müvafiq olaraq virus bio-mühəndislik məhsulu deyil.

ABŞ-ın “Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun” direktoru Entoni Pauçinin sözlərinə görə, koronavirusun laboratoriyada yaradılması barədə elmi sübut yoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı və Amerikanın “Qalveston Milli Laboratoriyasının” aparıcı tədqiqatçıları da bildiriblər.

Koronavirusun süni şəkildə yaradılması barədə fikir alimlər tərəfindən qəbul edilmir – akademik sahələrdə hesab edirlər ki, koronavirus heyvanlarda, böyük ehtimalla yarasalarda yaranıb.

İddia: Covid pandemiyası “PROQRAM 2030”-un bir hissəsidir, mərhələli şəkildə dünyanı idarə etmək üçün həyata keçirilməlidir
Hökm: Saxta xəbər

Qeyd olunan konspirasiya “BMT-nin 2030-cu il davamlı inkişaf proqramına” (“Proqram 2030) əsaslanır. “Proqram 2030” dünyanın davamlı inkişafına dəstək olmaq üçün BMT tərəfindən yaradılmış ümumi qlobal baxışdır. Proqram 2015-ci ildən sonra dünya inkişaf prioritetlərini müəyyən edir. Davamlı İnkişaf Məqsədlərini 2015-ci ilin 25-27 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş davamlı inkişaf sammitində qəbul ediblər. Sənədə əsasən 2030-cu ilə qədər sonrakı məqsədlərə nail olunmalıdır:

Aydındır ki, “Proqram 2030” kasıblığın aradan qaldırılması, keyfiyyətli təhsil sisteminin formalaşdırılması, ekoloji problemlərin yüngülləşdirilməsi, ölkədə demokratiyanın artırılması və başqa vacib addımlar əsasında dünyanın firavanlığının daha yaxşı olmasına yönəldilib. Sənəddə vahid dünya hökumətinin yaradılması barədə heç nə deyilməyib. Beləliklə, “Proqram 2030” hüquqi baxımdan məcburi sənəd deyil. Onları yerinə yetirmək dövlətlərin öz istəyinə bağlıdır. Müvafiq olaraq BMT-nin yeni dünya yaratmaq üçün “Proqram 2030” formalaşdırmasını və təşkilatın koronavirusdan məhz bu məqsədlə istifadə etməsini iddia etmək həqiqətə uyğun deyil. Koronavirus pandemiyasından yaranmış dünya böhranı “Proqram 2030”-un əhəmiyyətini və vacibliyini daha da gücləndirir.

İddia: PCR testlər realda hər hansı xəstəlik diaqnozunu qoymaq üçün yaradılmayıb
Hökm: saxta xəbər

Bu gün Covid-19-un laboratoriya diaqnostikasının qızıl standartı məhz PCR metod hesab olunur. Covid-19-un polimeraz zəncir reaksiyası (PCR) metodu, yaxud sürətli testlə müəyyənləşdirilməsi, SARS-COV-un antigen və antikorunun müəyyənləşdirilməsi ilə mümkündür. PCR metodla burun-boğazdan götürülən analizdə SARS-COV-un RNT-si müəyyənləşdirilir. Test üçün material yuxarı tənəffüs yollarından, eləcə də aşağı tənəffüs yollarından götürülməlidir. Bu kimi metodla diaqnostika yalnız yüksək texnoloji laboratoriyalarda mümkündür.

Tibdə PCR metodla genetik materialın (DNT və RNT) araşdırılmasına əsaslanan çoxsaylı infeksiyaların yüksək dəqiqliklə müəyyənləşdirilməsi həyata keçirilir.
PCR metodunu (polimeraz zəncir reaksiyası) amerikalı K.Mulis (1983) kəşf edib. O, buna görə Nobel mükafatı alıb.

Müvafiq olaraq PCR testlərin koronavirusu aşkarlaya bilməməsini iddia etmək heç bir sübut olunmuş tədqiqata əsaslanmır və ictimaiyyəti çaşdırır. Bununla bağlı “Fakt-Metr”-in məqaləsinə baxın.

İddia: Maskalar bizi Covid-19-dan qoruya bilmir və dünya səhiyyəsinin məlumat səhifəsində də onların istifadəyə uyğun olması ilə bağlı heç bir elmi iddia yoxdur
Hökm: Saxta xəbər

Covid-19 pandemiyasının yayılması ilə yanaşı maskanın səmərəsizliyi ilə bağlı da bir çox yanlış məlumat yayıldı. Sübut edilməmiş fikirlərə görə, biz koronavirusdan qorunmaq üçün maskadan istifadə etməməliyik və maska taxmaq koronavirusa yoluxma ehtimalını artırır. Qeyd olunan iddialar həqiqətə uyğun deyil və ictimaiyyəti səhv yönləndirir.

Həqiqətdə bütün nüfuzlu səhiyyə institutları koronavirusun yayılmasına mane olmaq üçün maska taxmağın vacib olması ilə razılaşır. CDC ictimai yerlərdə maskadan kütləvi istifadə etməyi tövsiyə edir. Ümumdünya Səhiyyə Təşkilatına görə, tibbi maska virusun yayılmasına mane ola və eləcə də insanı yoluxmadan qoruya bilər. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze vətəndaşları daim ictimai yerlərdə maskadan istifadə etməyə çağırır. Onun sözlərinə görə, hələ ki, koronavirusa qarşı peyvənd tapılmayıb və virusa təsir göstərəcək dərman yoxdur, yeganə silah maskadır.

COVİD-19-un yayılması hava damcı yolu ilə olur. İnsan virus tərkibli damcıları öskürən, asqıran və danışan zaman ötürür. Maskadan istifadə etmək virus mikroblarının yayılmasına mane olur.

Covid-19-un yayılmasının qarşısının alınması üçün maskadan istifadə etməklə yanaşı mütləq əllərin gigiyenası (əllərin tez-tez yuyulması və spirt tərkibli məhlulla təmizlənməsi) və sosial məsafə də vacibdir.

Belə ki, səhhətinə görə (məs: tənəffüs yolları xəstəlikləri) maskadan uzun müddətə istifadə etməkdə çətinlik çəkən adamlara maska taxmaq öhdəliyi aid deyil.
Maskadan istifadə etməyin vacibliyi və ondan düzgün istifadə etmək qaydaları barədə “Fakt-Metr”-in məqalələrinə baxa bilərsiniz (link 1, link 2, link 3)
İddia: Ümumdünya Səhiyyə Təşkilatı italiyalılara və ispaniyalılara COVİD-19-dan ölənlərin yarılmasına və müayinə edilməsinə icazə verməyib ki, virusa yoluxanların realda nədən öldüyü müəyyən edilməsin

Hökm: saxta xəbər
Həqiqətdə Ümumdünya Səhiyyə Təşkilatının təlimatında aydın qeyd olunub ki, şəxs koronavirusa yolxumasının güman edilməsi, yaxud təsdiqlənməsi nəticəsində dünyasını dəyişibsə, onun bədəninin yarılması yolveriləndir. Qeyd olunan təlimatda xəstəni yarma prosedurunu həyata keçirəcək tibb heyətinə tövsiyələr verilib. Qeydə əsasən heyət müvafiq təhlükəsizlik ölçülərinə riayət etməlidir ki, yoluxma təhlükəsini aradan qaldırsın. Misal üçün, heyət lazım olan müvafiq geyimlə təmin olunmalıdır. Prosedur havalandırılmış otaqda aparılmalıdır. Ən yaxşı variant təbii havalandırmadan istifadə etməkdir. Mexaniki havalandırma lazım olan halda otaqda mənfi təzyiq yaradılmalıdır ki, hava axınına nəzarət etmək mümkün olsun. Müvafiq işıqlandırma təmin edilməlidir. Meyitin yarılması proseduruna qoşulmuş heyətin sayı maksimum dərəcədə məhdudlaşdırılmalıdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qeydləri məcburi xarakter daşımır və təşkilat üzvlərə tövsiyələrə əməl etmək öhdəliyini qoymur. Müvafiq olaraq Ümumdünya Səhiyyə Təşkilatının italyanlara, yaxud ispanlara koronovirusdan ölənlərin yarılması və müayinəsini qadağan etməsi iddiası heç bir təsdiqlənmiş əsasa söykənmir və saxta xəbərdir.
İddia: Boliviyada müəyyən maddədən istifadə etməklə covid xəstələrdə ölüm halları 90% azalıb
Hökm: saxta xəbər

Boliviyada koronavirusa qarşı istifadə edilmiş maddə ilə bağlı yayımlanmış yanlış məlumat güman ki, xlor dioksidlə bağlıdır. “Washington post”-un yazdığına görə, iyul ayında şəhərlərdə əhali koronavirusa qarşı xlor dioksid qəbul etməyə başlayıb. Boliviyada Səhiyyə naziri əhalini ciddi şəkildə qeyd olunan maddədən çəkinməyə və ondan koronavirusa qarşı dərman kimi istifadə etməməyə çağırıb. Buna baxmayaraq Boliviya hökuməti xlor dioksidin koronavirusa qarşı təsirli vasitə olaraq təsdiqlənməsi üzərində çalışırdı. İyul ayında ölkədə xlor dioksiddən zəhərlənmə və ölüm faktları qeydə alındı.

Real olaraq xlor dioksid (ClO2) kimyəvi qarışıqdır və ondan ağardıcı vasitə kimi istifadə olunur. Növbəti emaldan sonra xlor dioksiddən qida sənayesində, dezinfeksiya, yaraların təmizlənməsi üçün geniş istifadə edirlər. Xlor dioksidlə əlaqədar potensial risklər sağlamlıq problemləri, partlayış və yanğın baş verməsindən ibarətdir. Bu qarışığı çox vaxt xəstəliklərin geniş spektrində dərman kimi yalandan reklam edirlər. ABŞ-ın ərzaq və dərman administrasiyasının bildirdiyinə görə, heç bir halda xlor dioksidi müalicə vasitəsi kimi qəbul etmək olmaz. Bu hərəkətlə maddəni qəbul edən şəxs öz sağlamlığını təhlükə altına sala bilər.

Georgia ştatının Ümumsəhiyyə Departamentinin bəyanatına görə, insanın xlor dioksidi qəbul etməsi/içməsi yolverilməzdir. Qeyd olunan maddənin orqanizmə düşməsi tənəffüs yollarına zərər vurur; Dehidratlaşdırma yaradır və bu yaşam üçün təhlükəli aşağı arterial təzyiqə, ciddi qaraciyər çatışmazlığı, güclü qusma və diarreyaya səbəb ola bilər. Amerika Səhiyyə Təşkilatı əhaliyə xəbərdarlıq edir ki, xlor dioksid, yaxud bu kimi xüsusiyyətlərə malik olan maddələrin qəbulundan çəkinsilər.
Son göstəricilərlə Boliviyada koronavirusa yoluxanların sayı 144,622 nəfərdir. Bundan 8, 952 nəfəri dünyasını dəyişib. 121,427 nəfər sağalıb, 14,198 isə hazırda koronavirusla mübarizə aparır.
İddia: Covid-19-a qarşı peyvənd üzərində qeyri-ənənəvi texnologiya ilə işləyirlər və peyvənd insan genetikasının dəyişdirilməsi üçün nəzərdə tutulub
Hökm: saxta xəbər

Covid-19- qarşı peyvəndlə bağlı çox sayda yanlış məlumat yayılıb. Güman ki, peyvəndin insan genetikasını dəyişmək üçün nəzərdə tutulmasını iddia etmək, peyvənd tiplərindən biri, DNT peyvəndinin olması ilə əlaqədardır.

Ümumiyyətlə, bütün tip peyvəndlərin ümumi funksiyası orqanizmdə yad cisimlər yaratmaqdır. DNT peyvəndi virusun genetik kodunun kiçik hissəsinin (DNT və RNT) immun cavabının stimullaşdırılması üçün virusa yoluxmamış xəstəyə vurulmasını nəzərdə tutur. Korneli Universitetinin elmi alyans qrupunun dəvət olunmuş tədqiqatçısı Mark Linas peyvənd və genetik dəyişiklik barədə “Reuters”-lə söhbəti zamanı məlumat verib. Onun sözlərinə görə, heç bir peyvəndin, eləcə də DNT peyvəndinin, insan orqanizminin hüceyrə nüvəsi ilə əlaqəsi yoxdur və müvafiq olaraq, onda dəyişiklik də yaratmır. Genetik dəyişiklik zamanı isə yad DNT hüceyrə nüvəsinə daxil edilir. Peyvəndlər isə bu prinsiplə təsir göstərmirlər. Müvafiq olaraq, onun insan orqanizminə daxil edilməsi insanın genetik koduna təsir göstərə və ən əsası dəyişə bilməz. Qeyd olunan məsələ ilə bağlı “Fakt-Metrin” məqaləsinə baxa bilərsiniz.








Print