hüquqlarımız
Vəkil kimdir – müdafiə hüququ
Gürcüstan Konstitusiyasına əsasən müdafiə hüququ zəmanətlidir. Müdafiə hüququ ədalətli məhkəmə hüququ üçün vacib komponentdir. Gürcüstanın Konstitusiya Məhkəməsi müdafiə hüququnun məzmunu və onun əhəmiyyəti haqqında mühüm açıqlama verib.
“Müdafiə hüququnun əsası odur ki, müəyyən prosessual ölçülər aparılan şəxsin müvafiq prosedur və onun nəticələrinə səmərəli təsir göstərmək imkanı olmalıdır”. Şəxsin özünü müdafiə etmək üçün şəxsi mövqeyini bildirmək, yaxud müdafiəçi ilə təmin olunma hüququ var.
Müvafiq olaraq müdafiə hüququnu iki istiqamətdə müzakirə edə bilərik. Biri özümüzü müdafiə hüququ və bunun üçün səmərəli mexanizmlərin olması öhdəliyidir, ikinci isə müdafiəçimiz/vəkilimizin olması hüququdur.
Müdafiəçi/vəkil institutu keyfiyyətli ədaləti yaradan komponentlərdən biridir. Ona görə də xatırlamalıyıq ki, dövlətlə münaqişə, yaxud əlaqə zamanı, bizim hüquqlarımızın peşəkar səviyyədə müdafiə olunması üçün vəkil xidmətindən yararlanmağa cəhd etməliyik.

Kim vəkil ola bilər
Vəkil olmaq və peşəkar fəaliyyət məsələlərini, vəkillər haqqında Gürcüstan qanunu tənzimləyir. Vəkil ola bilər:
• Gürcüstan vətəndaşı;
• Ali hüquqi təhsili olan şəxs
• Vəkillər üzrə peşəkarlıq imtahanını vermiş şəxs.

Vəkilin fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Vəkilin rolu əsasən cinayət işi zamanı əhəmiyyətlidir. Bu, əlbəttə, vəkilin mülki yaxud inzibati işlərdə rolunu kiçildir. Ancaq cinayət işi aparmaq birbaşa insan hüquqları ilə əlaqəlidir. Hüququn bu sahəsində vəkilin vacib roluna o da işarə edir ki, hüququn başqa sahələrindən fərqli olaraq, məhkəmənin birinci instansiyasında hər hansı şəxsin bizə nümayəndlik etməsi mümkündürsə, cinayət işində yalnız cinayət hüququ üzrə ixtisaslı olan vəkil müttəhimin maraqlarını qorumalıdır.

Vəkil cinayət işi prosesi zamanı
Cinayət işi prosesində vəkil vacib rol oynayır. Ona görə də hamının öz hüquqları və vəkilin onun hüquqlarının müdafiəsi prosesində iştirakı haqqında məlumatı olmalıdır.
Bizim hər birimizin müxtəlif cinayətlərlə bağlı məlumat vermək üçün, dindirilmə çərçivəsində hər hansı hüquq orqanına yolumuz düşə bilər. Bilməliyik ki, bizim dindirilmə prosesində vəkilin iştirak etməsi hüququmuz var və polislərin bu tələbi inkar etmək hüququ yoxdur.
Vəkil şahidin məhkəmədə dindirilməsi prosesində də iştirak edə bilər. Vəkil qarşısında ifadə vermək polislər tərəfindən təzyiq göstərilməsinin, ifadə verən zaman məcbur edilmənin və bizim hüquqlarımızın pozulmasının qarşısının alınması üçün zəmanətdir.
Polislər çox hallarda dindirilməyə gedən şəxsə vəkilinin olması hüququ haqda bildirmirlər. Ona görə də yaxşı olar ki, həmişə hüquq müdafiə strukturları ilə əlaqə zamanı siz vəkillə gedəsiniz, bu sizi bir çox riskdən sığortalayar.
Məsələn, Gürcüstan Konstitusiyası ilə özümüzə, yaxud yaxın qohumumuza qarşı ifadə verməmək hüququ zəmanətlidir. Belə ifadə deyiləndə nəyin nəzərdə tutulduğunu çox hallarda sıravi vətəndaşın qiymətləndirməsi çətindir. Ona görə də peşəkar vəkil olan zaman o, belə sualları izah edə və polislərə qeyd bildirə bilər ki, konkret suallara cavab verməyə və bununla özümüzə, yaxud yaxın qohumumuza təhlükə yaratmaya bilərik.

Müttəhimin vəkilinin olması hüququ.
Müttəhim/saxlanılan şəxsin ilk hüquqlarından biri vəkilinin olmasıdır. Polislər saxlanılana/müttəhimə saxlanılan kimi və sonrakı dindirmələr zamanı əvvəlcədən onun vəkil tələb etmək hüququnun olduğunu bildirmək məcburiyyətindədirlər.
Vəkilin olması hüququ vəkil seçmək və istədiyi zaman onu dəyişə bilmək hüququnu da əhatə edir.
Müttəhimin vəkillə münasibətinin gizli olduğunu bilmək vacibdir. Çox hallarda vətəndaşlar xüsusilə də cinayət işlərində vəkilə tam həqiqəti söyləməkdən çəkinirlər ki, bu da sonradan işin düzgün aparılmasına və uğurla davam etməsinə mane olur.
Vəkillə müttəhimin münasibətinin gizliliyi onların ünsiyyətinə vizual nəzarətdən başqa digər nəzarətlərin yolverilməzliyini nəzərdə tutur. Bizim vəkillə bizim söhbətimizi başqa heç kimin, həmçinin, polisin dinləməməsini tələb etmək hüququmuz var. Əgər belə olmazsa, bu halda biz müdafiə hüququmuzun pozulduğunu deyə bilərik.
Gizlilik eləcə də nəzərdə tutur ki, vəkili bizim ona verdiyimiz məlumatı bildirməyə məcbur edə bilməzlər, çünki bu qanunla birbaşa qadağan olunub və onun bizim ünsiyyətimiz haqqında ifadə verməkdən imtina etmək hüququ var.
Vəkil seçmək bizim istəyimizdən asılıdır. Xüsusilə bilməyimiz vacibdir ki, polislərin hansısa vəkili tövsiyə etmək və onu vəkil götürməyimizi məsləhət görmək hüququ yoxdur. Bu bir çox amillərdən irəli gəlir.
Ölkəmizdə vəkil xidmətinin dövlət hesabına həyata keçirilməsi imkanının olmasını bilmək də vacibdir. Bu xidməti Hüquqi Yardım Xidməti həyata keçirir. Onların bütün Gürcüstan miqyasında ofisləri var və xidmətlərinin qarşılığını dövlət ödəyir.
Dövlət hesabına müdafiə cinayət işi zamanı iki halda ola bilər. Birinci – məcburi müdafiə halında və ikinci ödəniş imkanı olmayan müttəhimin vəkil təyin olunmasını tələb etməsi halında.
Məcburi müdafiə halları qanunla birbaşa nəzərdə tutulub. Məsələn, əgər müttəhim:
• Həddi-buluğa çatmamış şəxsdirsə;
• Cinayət işi prosesinin dilini bilmirsə;
• Özünü müdafiə etməsinə mane olan fiziki, yaxud psixi qüsurları varsa;
• Əgər törətdiyi cinayət azadlıqdan ömürlük məhrumetməni nəzərdə tutursa;
• Əgər müttəhimlə prosessual razılaşma haqqında söhbət aparılırsa;
• Əgər işi Andlı Hakimlər məhkəməsi müzakirə edirsə və.s.

Bilməliyik ki, cinayət işlərindən əlavə mülki və inzibati işlərin aparılmasında da vəkilin rolu olduqca vacibdir.
Cinayət işlərindən fərqli olaraq mülki və inzibati işlərdə birinci instansiyada bizim marağımızı və hüququmuzu vəkil ixtisası olan və ya olmayan hər hansı şəxs müdafiə edə bilər.
Ancaq, Apellasiya və Ali məhkəmələrdə bu kateqoriyada işlərdə də nümayəndə yalnız vəkil ola bilər.
Bu gün mövcud olan vəziyyətə görə Hüquqi Yardım Xidməti artıq hüquqi yardımı hətta mülki və inzibati işlərdə də dövlət hesabına həyata keçirir.
Bu halda da mütləq olan ön şərtlərdən biri odur ki, şəxsin ödəmə qabiliyyəti olmazsa və həmçinin, işin mühüm və mürəkkəb olarsa, Hüquqi Xidmət işi aparmağa qərar versin. Ancaq hüquqi yardım xidmətində məsləhət və hüquqi sənədlərin hazırlanması ödəmə qabiliyyəti olmayan şəxslərə pulsuzdur.
Eləcə də hüquqi yardım xidmətində əhali qadına qarşı və ailədə zorakılıq işləri ilə bağlı pulsuz hüquqi yardım ala bilər.
Hüquqi yardım baxımından eləcə də yerli QHT-lər vacib resursdur. Bu təşkilatlar mövzu əsasında hüquqi xidməti göstərir ki, əhali ondan da pulsuz yararlana bilər.
Vəkillə münasibət zamanı hüquqların müdafiəsi məsələsi
Vəkil xidməti məsələsinin yazılı razılaşma ilə təsdiqlənməsi vacibdir. Yazılı razılaşma/müqavilə ona görə vacibdir ki, sonradan anlaşılmazlıqlar aradan qaldırılsın. Bu müqavilə ilə müştəri öhdəlik götürür ki, razılığa gəlinmiş məbləği ödəsin. Vəkil isə funksiyasını yerinə yetirmək və peşəkar müdafiə öhdəliyi götürür.
Müştərinin vəkilin xidmətindən narazı olması ilə bağlı bir çox hallar var. Ancaq burada vəkili götürən kimi xidmət şərtləri ilə bağlı dərhal razılaşmalısınız ki, sonradan anlaşılmazlıqlar olmasın.
Razılaşmadan əlavə vəkilin hərəkəti ilə dəyən zərərin qarşılanması və hüquqların müdafiəsi baxımından daha bir neçə yol var.
Bu Vəkillər Assosiasiyasındakı Etika Komissiyasıdır. Orada etika normalarının pozulması halında, yaxud aşkar şəkildə qeyri-peşəkar müdafiənin həyata keçirilməsi halında müştərinin Etika Komissiyasına şikayət etmək və vəkilin məsuliyyətə cəlb olunmasını tələb etmək hüququ var. Belə məsuliyyətlərdən biri də kobud qayda pozuntusunun aşkarlanması halında vəkilin lisenziyasının dayandırılmasıdır.
Hüquq müdafiəsi üçün daha bir yol məhkəmədir. Əgər vəkil razılıq şərtlərini pozarsa, müştərinin mübahisənin məhkəmə yolu ilə həllini və ödənən məbləğin geri qaytarılmasını tələb etmək hüququ var.

Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirməyə bilər.

ICON_SEP Print ICON_SEP