ABŞ-da 1 illik təhsil proqramını başa vuran marneulili Tahir və Aysu təcrübələrini bölüşdülər
Marneulili gənclər Tahir Mahmudov və Aysu Əsgərova 10 aylıq FLEX mübadilə proqramını uğurla başa vuraraq Gürcüstana geri qayıdıblar.
Onlar ötən il bu proqram çərçivəsində Amerikanın fərqli ştatlarında yerli ailələrlə birgə yaşayıb və 12-ci sinifdə təhsil alıblar.

Tahir Mahmudov 10 ay ərzində Texas ştatında “Copperas Cove” şəhərində yaşayıb. O, burada Amerikalı bir ailə ilə
birgə yaşayıb. Onun sözlərinə görə, insanların daim gülümsəməsi və fərqliliklərə açıq olması onun yeni mühitə adaptasiya prosesini çox asanlaşdırıb.

Təbii ki, ilk anlarda həm böyük bir həyəcan, həm də bir az narahatlıq var idi. İlk vaxtlar orada hər şey mənə tamamilə fərqli və qeyri-adi gəlirdi, amma zamanla buna öyrəşdim. Məni o qədər isti qarşıladılar ki, fərqli bir mədəniyyətə uyğunlaşmaq heç də çətin olmadı. Ev sahibi atam David, anam Lani və oğulları Shane mənə elə yanaşırdılar ki, qısa müddətdə özümü onların ikinci oğlu kimi hiss etməyə başladım. Öz mədəniyyətimizi tanıtmaq üçün həm məktəbdə, həm də icma üçün xüsusi təqdimatlar keçirdim və onlara ölkəmiz haqqında danışdım.
“Copperas Cove” Ali Məktəbində 12-ci sinifdə oxudum. Oradakı təhsil sistemi ilə bizimki arasındakı ən böyük fərq şagirdlərin öz maraqlarına uyğun fənləri seçə bilməsi və praktik məşğələlərə verilən dəyərdir. Mənim texnologiyaya marağım olduğu üçün Kompüter Elmləri kimi dərslər aldım. SkillsUSA yarışmasında iştirak etdim, ştat üzrə konfransda layihəmlə "Best of the Show" mükafatını qazandım”.


Tahir orada yaşadığı müddət ərzində özündə bir çox yeni bacarılar kəşf etdiyini və ailəsindən uzaqda yaşamaq ona müstəqil olmağı və öz qərarlarını sərbəst şəkildə qəbul etməyi öyrədib.

"İlk növbədə, yad insanlarla düzgün ünsiyyət qurmağı və söhbətə başlamağı öyrəndim, bu da mənə cəmiyyətə daha asan inteqrasiya olmağa kömək etdi. Tamamilə fərqli bir mühitdə yaşamaq mənim adaptasiya qabiliyyətimi xeyli gücləndirdi. Həm gündəlik həyatda, həm də layihələrimdə qarşılaşdığım çətinliklər sayəsində tənqidi düşüncə və problem həlletmə bacarıqlarımı inkişaf etdirdim”.

Gənc liderin ən böyük xəyalı proqram təminatı mühəndisi olmaq və uğurlu karyera qurmaqdır.

“Orada qazandığım bu unikal təcrübəni və genişlənmiş dünya görüşümü öz icmamda bölüşmək istəyirəm. Əsas məqsədim daha çox insanı bu cür həyatı müsbətə doğru dəyişən və həyati əhəmiyyətli təcrübə qazandıran imkanlara cəlb etmək, onlara bu yolda motivasiya verməkdir. Şəxsi hədəflərimə gəldikdə isə, ən böyük xəyalım proqram təminatı mühəndisi kimi uğurlu bir karyera qurmaqdır”.

Mahmudov komfort zonasından çıxmağın, yeniliklərə açıq olmağın və insanlarla ünsiyyət qurmağın əhəmiyyətini vurğulayır.

“İlk vaxtlar çətin ola bilər, amma hər bir çətinlik sizi daha da gücləndirir. Heç vaxt etmədiyiniz fəaliyyətləri sınayın. Dərnəklərə qoşulun və qarşınıza çıxan hər yeni fürsətə "bəli" deyin. Özünüzə inanın və bilin ki, bu cür təcrübələr gələcək həyatınız üçün ən güclü fundamentdir”,
- Tahir Mahmudov dedi.

Tahirdən fərqli olaraq Aysu doqquz ay yarım Yuta ştatında qalıb. O, ABŞ-da olduğu ilk dəqiqələri, FLEX işçilərinin onu qapının yanında qoyub getdiklərini və bundan sonra hiss etdiyi müstəqilliyi xatırlayır.

“ABŞ-da ilk anım Vaşinqton hava limanında oldu, FLEX işçiləri məni qapımın yanında qoyub getdilər. Bu, indiyə qədər hiss etdiyim ən yüksək müstəqillik səviyyəsi idi. Bu, təkcə əyləncəli deyildi, həm də çox təsirli idi. Aylarla hazırlıq olsa da, bu, məni əslində okeanın o tayında, başqa bir qitədə yaşayacağıma inandıran yeganə an idi. Lakin məni təəccübləndirən və mənə kömək edən insanlar
- amerikalılar idi. ABŞ-da ilk günümdən etibarən onlar son dərəcə şəfqətli və dəstəkləyici, gülərüzlü idilər. Onlar insan münasibətlərinə çox dəyər verir və çox yüksək səviyyədə tolerantlığa malikdirlər ki, bu da mənə özümü aid hiss etməyimə kömək etdi”.

Aysu ev sahibi ailəsinin ona qarşı həmişə şəfqətli, anlayışlı və səbirli olduqlarından danışır. 

Ev sahibi ailəm heç vaxt bir sözü və ya zarafatı mənə dəfələrlə ingilis dilində izah etməkdən şikayətlənmədilər. Onların səbri də onlara tez uyğunlaşmağıma kömək etdi. Çoxlu fərqimiz var idi və bu, təcrübəmizi daha maraqlı etdi. Hər ikimiz bir-birimizin bəzi vərdişlərini qazandıq, amma bu heç vaxt məcbur edilmədi. Bundan əlavə, mən və ev sahibi ailəm evdə gürcü mədəniyyəti gecəsi keçirdik, qonşularımızı və dostlarımızı dəvət etdik. Xaçapuri, və Xinkali kimi gürcü yeməklərini daddılar. Bu, mənim üçün çox unikal bir təcrübə idi!"

Əsgərova Amerikada olduğu müddətdə “Beynəlxalq Təhsil Həftəsi” çərçivəsində məktəbində və yerli kilsədə Gürcüstan mədəniyyəti və dili haqqında 8 interaktiv təqdimat keçirib. O, həmçinin məktəbdə tədbirlərin təşkili ilə məşğul olan “Lighthouse” klubunda və şagirdlərin mental sağlamlığını, empatik mühiti dəstəkləyən “Hope Squad” qrupunda fəaliyyət göstərib.

“İlk baxışdan ən çox nəzərə çarpan fərq infrastrukturdur. Amerika məktəblərində sanitariya, baxımlı sinif otaqları, idman meydançaları lüks hesab edilmir. Həmçinin, Amerika məktəbləri şagirdlərə daha çox azadlıq verir. Lakin azadlıq həmişə özü ilə daha çox məsuliyyət və müxtəlif seçimlər gətirir və azadlığa öyrəşməmiş şagird üçün bu, həddindən artıq ağır görünə bilər. Onlar bizdən başqasının yolunu izləməyimizi istəmirlər, qazandığımız bilikləri yaradıcı düşüncə və açıq fikirlilik tələb edən yeni bir yol yaratmaq üçün tətbiq etməyimizi istəyirlər”.

O, düşünür ki, FLEX proqramında finalçı olmağın sehrli bir yolu yoxdur və bu sadəcə olaraq, gələcək liderlərin mübadiləsi proqramıdır.

“FLEX-in və ya müraciət etməyi hədəflədiyiniz hər hansı bir proqramın bütün meyarlarını diqqətlə oxumağı və onların çox sadə olduğunu, sizi aldatmağa çalışmadıqlarını nəzərə almağı məsləhət görərdim. Adından da göründüyü kimi, bu, gələcək liderlərin mübadiləsi proqramıdır və liderlik bacarıqlarına malik namizədlər axtarır, bu da hər bir müraciətin çox fərdi olduğunu göstərir”, - Aysu Əsgərova bildirdi.

Gənc Aysu hazırda Avropa universitetlərinə hazırlaşır. O, hüquq və ya qlobal hüquq üzrə təhsil almağı, gələcəkdə isə beynəlxalq qeyri-hökumət təşkilatlarında qadın hüquqlarının müdafiəsi istiqamətində çalışmaq niyyətindədir.

Qeyd edək ki, cari tədris ilində marneulili gənclər arasında FLEX proqramının final mərhələsinə vəsiqə qazanan olmayıb.

Gələcək liderlərin mübadilə proqramı olan FLEX artıq 30 ildən çoxdur ki, Gürcüstandan olan 9, 10 və 11-ci sinif şagirdlərinə bir tədris ili ərzində Amerika məktəblərində ödənişsiz təhsil almaq və amerikalı ailələrlə birlikdə yaşamaq imkanı yaradır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google