"Bələdiyyə Məclisinin cavabından belə çıxır ki, sanki regionda dil baryeri problemi yoxdur" – Marneulili gənc fəal
Marneuli gəncləri tərəfindən yaradılmış təşəbbüs qrupu Bələdiyyə Məclisinin onların məktubuna verdiyi cavabdan narazıdır. Onların bildirdiyinə görə, Marneuli meriyası və Bələdiyyə Məclisindən rəsmi veb səhifədə və “Facebook” səhifəsində yayımlanan məlumatların gürcü dili ilə yanaşı Azərbaycan dilində də yayımlanmasını tələb edirdilər. Onlar hələlik yalnız Bələdiyyə Məclisindən cavab alıblar. Təşəbbüs qrupunun üzvlərindən biri Marneulili gənc fəal Rəşan Ziyadəliyevdir. O, hesab edir ki, Bələdiyyə Məclisi onların məktubuna qeyri-müvafiq cavab verib.

“Bizim məktubumuzda müxtəlif tələblərimiz var idi. Lakin Bələdiyyə Məclisinin cavabından belə çıxır ki, sanki regionda dil baryeri problemi yoxdur. Marneulidə müxtəlif proqramlar həyata keçirilir, Gürcü dili evi var, Jvania məktəbi fəaliyyət göstərir. Fikrimcə bu gün Marneulidə hansı vəziyyətin olmasından xəbərləri yoxdur. Düşünürəm ki, bütün bunlar həyasızlıqdır. Bizim tələbimiz taam başqa şey idi, onların cavabı isə başqa”, – Rəşan Ziyadəliyev bildirdi.

Qeyd edək ki, təşəbbüs qrupunun bəyanatında bələdiyyəyə məlumatları Azrəbaycan dilinə tərcümə etmək öhdəliyi qoyan hüquqi normalar da göstərilib.

“Düşünürük ki, Marneuli meriyası və Bələdiyyə Məclisinin veb-səhifəsində və rəsmi “Facebook” səhifəsində dövlət dilində yerləşdirilən məlumatlar Azərbaycan diliə də tərcümə olunmalıdır ki, etnik azərbaycanlı sakinlərin də meriya və Bələdiyyə Məclisinin fəaliyyətlərindən xəbərləri olsun.

Belə izah edək, bizim tələbimiz dövlət dilinin əhəmiyyətini azaltmağa və ya dilin öyrənilməsinə qarşı laqeyd olmağa xidmət etmir. Əksinə, fikirləşirik ki, bu istiqamətdə dövlət siyasəti və müsbət addımlar gücləndirilməlidir ki, bununla da azərbaycanlı icmasında dövlət dilinin öyrənilməsi problemini aradan qaldırmaq olar. Lakin hesab edirik ki, inteqrasiyadan danışırıqsa, inteqrasiya siyasətinin hıyata keçirilməsi üçün dövlətin hakimiyyət orqanları tərəfindən də fəal addımlar atılmalıdır. Belə addımlardan biri bələdiyyə tərəfindən məlumatların vətəndaşların başa düşəcəyi dildə çatdırılması və onların yerli özünüidarə orqanlarının fəaliyyətində iştirakının təmin olunmasıdır”,
– təşəbbüs qrupunun bəyanatında deyilir.

Təşəbbüs qrupunun bəyanatına verilən cavabda demək olar ki, əsas məsələ – Bələdiyyə Məclisinin veb və “Facebook” səhifələrində məlumatların gürcü dili ilə yanaşı Azərbaycan dilində də yayımlanması barədə heç nə deyilmir.

Təşəbbüs qrupu hazırda meriyanın cavabını gözləyir. Ümumi cavabı aldıqdan sonra digər hüquqi mexanizmləri də müzakirə edəcəklər.

“Marneuli” radiosu məsələ ilə bağlı mövqelərini öyrənmək məqsədi ilə Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani ilə əlaqə saxladı. Naveriani məsələni ətraflı araşdırıb daha sonra şərh verəcəyini bildirdi.

Print Email
FaceBook Twitter Google