“Qəza baş verəndən sonra hərəkət edəcəyik?” – Bələdiyyə Məclisinin üzvü Pirosmani küçəsindəki mövcud vəziyyətlə bağlı

“Gedin görün Tetritskaro yolunda nə baş verir. Orada hər gün qəza vəziyyəti yaranır. Elə yol var, iki maşın yanaşı keçə bilmir, su kanalı qoyublar və qoruyucu bənd yoxdur, maşın oraya düşsə, sürücü dünyasını dəyişəcək”, – bu bəyanatı bələdiyyə məclisinin üzvü Riçard Qiqani 8 avqustda baş tutan iclasda bildirib.

Onun dediyinə görə, beşinci dəfədir ki, bu bəyanatı verib və deyib ki, Marneulidə Pirosmani küçəsində yolun təmiri ilə yanaşı kanalizasiya sistemi qurulur, bu sürücülər üçün, əhali üçün təhlükəlidir.

“Hər yağışlı havada maşın sürüşə bilər. Çox dar yoldur və orada qoruyucu bəndi olmayan kanalda qəza baş verə bilər. Birbaşa açıq qoyulub və ayda üç-dörd qəzanın baş verməsi istisna deyil”, – Riçard Qiqani deyir.

Məsələyə Marneuli merinin müavini Zaur Tabatadze rəy bildirib və deyib ki, problemli məsələ haqqında o, ilk dəfədir ki, məlumat alıb və bələdiyyə üzvündən ərizə yazmağı xahiş edib və deyib ki, meriya ərizəni müvafiq xidmətə göndərəcək.

Pirosmani küçəsində aparılan işlərin əhali üçün təhlükə yaratmasını yerlilər də təsdiq edir və deyirlər ki, piyadalar üçün səki yoxdur.


“Marneuli” radiosu məlumatı araşdırmaq üçün Avtomobil Yolları Departamenti ilə əlaqə saxlayıb. Departamentdən deyirlər ki, işlər standartlara riayət olunmaqla aparılır, ancaq konkret suallarla və mümkün variantlarla bağlı rəsmi məktub yazmağımızı tələb etdilər.

"Marneuli" Radiosu

Print