Xəbərlər
Məktəbdə 50 il (VİDEO/FOTO)

“Müəllimlik peşəsi həm çətindir, həm fərəhlidir. Mən məktəbə, uşaqlara o qədər bağlıyam ki, hər bir uşağı öz balam qədər, öz nəvələrim qədər sevirəm. Mənə elə gəlir ki, sabah ərizəmi yazıb işdən çıxsam, mən yaşaya bilmərəm. Bu uşaqlarsız yaşaya bilmərəm, mənim üçün o qədər fərəhlidir”, - 71 yaşlı Kürtlər kənd ictimai məktəbinin fizika müəllimi Gülxanım Şərəfova deyir.

İlk dəfə 50 il öncə Baydar kəndində müəllimliyə başlayan Gülxanım Şərəfova bu gün öz peşəsinə Kürtlər kənd ictimai məktəbində fizika müəllimi olaraq davam edir.

O, 1948-ci il yanvarın 1-də Marneuli rayonun Kürtlər kəndində anadan olub. 1954-cü ildə Kürtlər kənd natamam orta məktəbinin birinci sinfinə gedib, daha sonra orta təhsilini Baydar kəndində davam etdirib.

Gülxanım Şərəfova orta məktəbi bitirdikdən sonra Lenin adına Azərbaycan Pedaqoji Universitetinin (indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika fakültəsinə qəbul olub.

“Düzünə qalsa, mənim fikrim həkimlik oxumaq idi. Meylim həkimliyə idi. O da elə alındı ki, mənim özümlə əlaqədar olaraq oxumadım. Mənim yanımda elə danışdılar ki, əməliyyata belə girəcəksən, bu belə olacaq. Mən özüm də o vəziyyət üçün hazır deyildim. Dedim daha bunu edə bilmərəm. Ona görə də fizika fənnini seçdim”, – Şərəfova deyir və əlavə edir ki, ən çətin fənlərdən biri fizikadır. Bu gün fizika sahəsi o qədər inkişaf edib ki, onun mənimsənilməsi çox çətindir.

Ali təhsilini 1969-cu ildə başa vurduqdan sonra G.Şərəfova Baydar kənd orta məktəbində müəllim kimi çalışmağa başlayıb. Burada iki il işlədikdən sonra o, peşəsini Kürtlər orta məktəbində davam etdirməyə başlayıb.

“İlk dəfə müəllim həyatına başlayanda mənə bir qədər həyəcanlı gəldi. Sinfə müəllim kimi girmək, həm də çox sevincli idi. Həm də artıq bir müəllim kimi fəaliyyətimin ilk pilləsinə başladım. Bu da mənim üçün çox sevindirici, fərəhli bir hal idi. Bu aydın bir məsələdir ki, müəllimlərinlə birlikdə işləmək çox böyük bir məsuliyyətdir, öz müəllimlərinlə birlikdə çiyin-çiyinə işləmək”, – Gülxanım Şərəfova müəllimlik peşəsinin ilk günlərini belə xatırlayır və deyir ki, elə həmin il də ailə həyatı qurub. Bu onun müəllim kimi işləməsinə heç bir maneçilik törətməyib və ailəsi həmişə ona dəstək olub.

Gülxanım Şərəfova deyir ki, ikinci dəfə dünyaya təkrar gəlsəydi, yenə də müəllim olmaq istəyərdi.

“Bir öz adımız, bir ana adımız, bir müəllim adımız var. Professorlar, alimlər, həkimlər, mühəndislər də hamısı müəllimdən bəhrələnir. Hamısını həyata hazırlayan müəllimdir. Ona görə də müəllim peşəsi çox gözəl peşədir”, – 71 yaşlı fizika müəllimi deyir.

Əvvəlki illərdə dərsliklərin çox yaxşı tərtib olunduğunu deyən Gülxanım Şərəfova deyir ki, həmin vaxtlar uşaqları öyrətmək asan olurdu.

“İndiki dövrdə texnikanın bu qədər inkişaf etdiyi bir vaxta, kənd yerlərində, elə bizdə də belə bir şərait yoxdur. Şəhər məktəblərində fizika, kimya kabinetləri var. Ondan istifadə edirlər. Hər cür ləvazimatları var. Müəllim əlini atanda resurslardan istifadə edə bilir. Amma kənd məktəblərində, bizim məktəbdə resurs məsələsi problemlidir. Dərs keçməyə, sinfə aparmağa heç bir avadanlığmız yoxdur. Ona görə də bizdə bir balaca çətinlikdir”, – fizika müəllimi deyir.

Şərəfova onu da bildirir ki, indiki uşaqlar dərs oxumağa o qədər meylli deyillər.

“Mən hər şeyi mənimsətməyə çalışıram. Ancaq burada bir problem var ki, indiki dövrün uşaqları dərs oxumağa o qədər də meyl etmirlər. Uşaqlar müxtəlif texnologiyalarla, avadanlıqlarla o qədər məşğul olur ki, demək olar dərsə həvəsi, maraqları qalmır. Amma bir şeyi də deyim ki, hansı uşağın fikrində oxumaq var, hansı uşaq oxumaq məqsədi güdür, hansı ailə uşağını oxuda biləcək, onun arxasında dura biləcək səviyyədədirsə, o oxuyacaq. Bəzən də elə ailələr var ki, uşağı yaxşı oxuyur. Amma valideyni deyir mən səni oxuda bilməycəyəm. Çünki oxumaq çətindir. Buna xərc lazımdır. Valideyn xərcləri ödəyə bilmədiyinə görə, uşaqlar həvəsdən düşür və deyir ki, bu qədər əziyyət çəkirəm gedib oxuya bilməyəcəyəmsə, indi də heç oxumuram”, – Gülxanım Şərəfova deyir və əlavə edir ki, o çox sevinir ki, onun yetişdirdiyi şagirdlər ali təhsil alaraq müxtəlif vəzifələrdə çalışırlar.

İşlədiyi Kürtlər ictimai məktəbinin son vəziyyətindən də danışan Gülxanım Şərəfova deyir ki, məktəb binasının təmir olunması və yenilənməsi ən böyük arzularından biridir. Sevinir ki, yaxın gələcəkdə kəndə yeni bina tikiləcək.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google