Marneuli Uşaq Bağçaları Birliyini ayrı-seçkilikdə ittiham edirlər

Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Səbəb olaraq isə uşaqlarla ünsiyyət təcrübəsinin olmamasını qeyd ediblər. 18 yaşlı Marqo deyir ki, qərarı onun uşağının olmamasına görə veriblər.

Çalışmaq istəyən üç namizəddən üçünün də faktiki olaraq göstəriciləri eyni olub.

“Müsahibəyə gedəndə Zaur Kərəmov (Uşaq Bağçaları Birliyinin rəhbəri) və metodist orada idi. Metodist soruşdu ki, uşağın varmı? Dedim yoxdur və sonra soruşdu ki, uşaqlarla çalışmaq necədir, nə düşünürsən? Dedim elə də çətin deyil və asan da deyil. Hər uşaq fərdidir və güldü. Sonra metodist dedi ki, gürcü dilini bilməyim yaxşıdır, amma artıq qərar qəbul etmişik və üç uşağı olan namizədə üstünlük verdik.”

Dəmyə kəndinin məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə üç uşaq anası Anjela Karaxanyan qəbul seçilib. Hazırda o, ölkə xaricində olduğu üçün onunla əlaqə yarada bilmədik. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov isə deyir ki, işə “layiqli olan namizədi seçiblər”.

“Şərtlər həmişə eynidir, A2 səviyyəsində gürcü dilini bilmək. Üstnülüklərdən biri o idi ki, o qadının uşaqları var və uşaqlarla ünsiyyətdə təcrübəlidir. Digərləri məktəbi keçən il bitirənlər idi.”

Kərəmovun sözlərinə görə, qəbul edilməyən namizədlər rezerv siyahısındadır. Əgər Anjela onların gözləntilərini qane etməsə, əvəzetmə olacaq. Gürcü dili pedaqoquna fəaliyyətini müşahidə etmək üçün altı aylıq sınaq müddəti veriblər.

“Marneuli” radiosu fakta aydınlıq gətirmək üçün insan hüquqları müdafiəçilərinə müraciət etdi. Onlar məsələ ilə maraqlandılar və dedilər ki, işi araşdırmaq üçün onlara vaxt lazımdır.

Dəmyə kəndinin məktəbəqədər hazırlıq mərkəzində bu il 17 uşaq var. Yeni gürcü dili müəllimi işə oktyabrdan başlayacaq.

 

Print Email
FaceBook Twitter Google