სიახლე
Marneulidə içməli su xəttinin dəyişdirilməsi layihəsinin dəyəri 3.5 mln laridən artıqdır

"Biz "Rustavi Su" MMC-dən icarəyə götürdüyümüz 13 kilometrlik içməli su xəttinin tamamilə dəyişdirilməsi layihəsini hazırlamışıq və layihə Regional İnkişaf Fondu tərəfindən maliyyələşdiriləcək. Layihənin dəyəri isə 3.5 mln laridən artıqdır", – bu barədə Marneuli meri Zaur Darğallı məlumat verdi.

Onun sözlərinə görə, layihə artıq hazırdır, Bələdiyyə Məclisi və Regional İnkişaf Fondunun komissiyası tərəfindən də bəyənilib.

"Bu il baş nazir tərəfindən bəzi dəyişiklər olmalıdır və biz də onun sərəncamını gözləyirik. Hansı ki, bizim həyata keçirəcəymiz layihə üçün Regional İnkişaf Fondu maliyyə ayıra bilsin. Biz düşünürük ki, yanvarın birinə kimi tender elan edək və yaz aylarında isə artıq layihənin icrasına başlayaq", – Zaur Darğallı dedi.

Zaur Darğallı bildirdi ki, plana əsasən magistral xətt dəyişdirildikdən sonra içməli suyun verilməsi 9 kəndi əhatə edəcək.
Xətlərin köhnə olmasına görə, su xəttində tez-tez qəzalar baş verir və bu da su itkisinə səbəb olur. Həmin xətlər dəyişdirildikdən sonra isə əhaliyə təmiz su veriləcək.

Xatırladaq ki, Kürtlər, Algeti və Kəpənəkçi inzibati ərazi vahidlərinə daxil olan kəndlərdə bir neçə gün idi ki, əhaliyə içməli su verilmirdi. 10 oktyabrdan həmin kəndlərə içməli suyun verilməsi bərpa olunub.

Səbəb isə Böyük Muğanlı kəndi ərazisindən keçən boru xəttində 8 metrə yaxın dəmir boruda qəzanın baş verməsi idi. Buna görə də əhaliyə içməli suyun verilməsi dayandırılmışdı.

"Marneuli" Radiosu

FaceBook Twitter Google