Marneuli meri üçün yeni sosial proqramın ən mühüm hissəsi Məhdud Fiziki İmkanlı Şəxslər Şurasının yaradılmasıdır
Marneuli meri bu gün,
17 yanvar tarixində 2020-ci il sosial proqramların təqdimatını
keçirdi.
Marneuli meri Zaur
Darğallı görüş zamanı bildirdi ki, sosial proqramlar yenilənib və
əsas prioritet uzunmüddətli inkişafa yönəlib.
“Bizim üçün ən mühüm məsələ məhdud fiziki imkanlı
şəxslərə yardımdır. Marneuli meriyasında yeni şura yaradılacaq, bu
şura bizə vətəndaşların ehtiyaclarını qarşılamaq imkanı
verəcək”, – Zaur Darğallı bildirdi.
Zaur Darğallının qeyd etdiyi Məhdud Fiziki İmkanlı Şəxslər
Şurasıdır ki, bu şura da 9 üzvdən ibarət olacaq. Şura üzvlərinin
siyahısına Marneuli merinin müavini, Bələdiyyə Məclisinin
nümayəndəsi, merin nümayəndəsi, məhdud fiziki imkanlı şəxslər və
onların valideynləri daxil olacaq.
Məhdud fiziki imkanlı uşağın valideyni Murad Lomsanidze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyədə Məhdud Fiziki
İmkanlı Şəxslər Şurasının yaradılması çox yaxşı haldır, lakin yaxşı
olardı ki, merin özü də şuranın üzvü olaydı.
“Əgər irəliyə doğru addım atılırsa, bu çox mühümdür,
lakin deyə bilərik ki, bu gec atılmış addımdır. Bələdiyyə bu
proqramlar və şura haqqında fikirləşməyə daha öncə başlamalı
idi”, – Murad Lomsanidze deyir.
Məhdud Fiziki İmkanlı Şəxslər Şurasının yaradılması ilə bərabər
benefisiarların yardım proqramına da dəyişiklik edilib. Görmə və
eşitmə qüsuru olan benefisiarların aylıq yardımı 10 lari
artırılaraq 50 lariyə çatdırılıb. Bundan başqa dializ proqramında
iştirak edən şəxslərin yol xərcləri də artırılıb. Marneulidə
yaşayan benefisiarlar üçün yol xərci 40 laridən 70 lariyə, inzibati
ərazi vahidlərində yaşayanlar üçün isə 100 lariyə qaldırılıb.
Korlar İttifaqının üzvü Surik Çiçyanın “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, məhdud fiziki imkanlı şəxslərə işlə
təmin olunma imkanı yaradacaq xidmətlərin yaradılmasına ehtiyac
var. Lakin bu proses üçün zamana ehtiyac var, bunadək isə
birdəfəlik yardımlar saxlanılmalı və hətta artırılmalıdır.