Xutor-Lejbəddin sakinləri hər gün amortizasiya olunmuş yollarla su
qablarında Alget çayının sahilində yerləşən bulaqdan içmək üçün su
daşıyırlar.
Sakinlər araba ilə içməli suyu evə aparmaq üçün kilometrlərlə yol
qət etməli olurlar. Kənd Marneulidən təqribən 25 km məsafədə
yerləşir. Amma kənddə normal infrastruktur, içməli su və yol
yoxdur.
Xutor-Lejbəddin kəndi əsrdən çoxdur ki, mövcuddur. Ancaq bu kənddə
bu günə qədər evlərə içməli su xətti çəkilməyib. Kənd sakinləri
içməli su ehtiyacını bulaqlardan və qonşu kəndlərdən su gətirməklə
qarşılayırlar.
Sakinlərin sözlərinə görə, gün ərzində içmək üçün 20-30 litir su
daşıyırlar. Onlar digər ehtiyaclarını qarşılamaq üçün su
quyularından istifadə edirlər. Sakinlər su quyularından çıxan suyun
içmək üçün yararsız olduğunu deyirlər.
Xutor-Lejbəddini kəndinin sakinləri onların kəndində də kəndə
dəstək proqramı çərçivəsində görüş keçirildiyini deyirlər. Onlar
görüş zamanı əsasən içməli su, yol və küçə işıqları kimi
problemləri səsləndiriblər. Görüş zamanı kənddə küçə işıqlarının
qurulması qərarı verilib.
Marneuli meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, bu il Xutor-Lejbəddin kəndində içməli su ilə bağlı
planları yoxdu. Amma növbəti illərdə kənd içməli su ilə təmin
olunacaq və onlar bu məsələ üzərində fəal şəkildə çalışırlar.
Mer onu da əlavə etdi ki, bu il əhalinin tələbi əsasında
Xutor-Lejbəddini kəndinə yeni yol xətti çəkiləcək.