Xuldərə kəndində qadınların işləməsi üçün "Lavaş evi"-nin açılışı olub - FOTO
21 fevral tarixində, Xuldərə kəndində “Lavaş evi”-nin açılışı olub
Yeni Düşüncə İnstutu, Taso fondu və Kaxeti inkişaf fondunun dəstəyi ilə Xuldərə və Mollaoğlu kəndlərində qadınlardan ibarət təşəbbüs qrupu yaradıb. Layihə çərçivəsində qadınlar təhsil almaq, işləmək imkanı qazanıblar.

Layihədə yer alan qadınlara xüsusi müəllimlər tərəfindən vətəndaş təhsili və eləcə də Maliyyə Nazirliyində 8 günlük biznesin necə qurulması və idarə edilməsi ilə bağlı təlimlər keçirilib. Təlimlər bitdikdə sertifikatlarla təltif olunan qadınlar layihə çərçivəsində kənddə “Lavaş evi”, “Şirniyyat evi” və “Gözəllik salonu”-nun açılmasını istəyiblər.

“3-4 qadın birləşərək qərar verirdilər və bacaracaqları işləri seçirdilər. Biz də onların istəkləri doğrultusunda təşkilata 3 layihə yazıb göndərdik. Yazdığımız layihənin 3-də təşkilat tərəfindən maddi dəstək olundu. Beləliklə layihə çərçivəsində qadınlara lazım olan bütün texnoloji avadanlıqları aldıq”, – Yeni Düşüncə İnstutunun rəhbəri Kamran Əfəndiyev dedi.

K.Əfəndiyevin sözlərinə görə, artıq 3 aydır ki Lavaş evi, Şirniyyat evi və Gözəllik salonu fəaliyyət göstərir. O, deyir ki, Xuldərədə Lavaş evinin açılışını ediblər və yaxın günlərdə Mollaoğlu kəndində yerləşən Şirniyyat evi və Sadaxlıda yerləşən Gözəllik salonunun da açılışı baş tutacaq.

Layihə çərçivəsində hər kənddən 5 nəfər olmaqla Xuldərə, Mollaoğlu və Sadaxlıdan olan evdar qadınlar işlə təmin edilərək öz kiçik bizneslərini yaratmağa nail olublar.

“Hamısı birlikdə 15 nəfər qadını işlə təmin etmişik. Qadınlardan biri, Kəmalə Nəsibova Marneulidə yerləşən kollecdə 1 il ödənişsiz şəkildə təhsil almaq imkanı qazandı. O, hal-hazırda həm işləyir həm də pulsuz təhsil alır”,
– Kamran Əfəndiyev dedi.

Kamran Əfəndiyev onu da qeyd etdi ki, Yeni Düşüncə İnstutu yalnız şagirdlərə deyil eyni zamanda kənd sakinlərinə də xidmət göstərir. O, ev qadınlarının bacarıqlarından istifadə edərək öz işlərini qurmasından danışdı və bildirdi ki, bu 2019-cu ilə olan layihənin nəticəsidir və 2020-ci il üçün qadınlardan ibarət yeni təşəbbüs qrupu yaradaraq işlə təmin etməyə çalışacaqlar.




















"Marneuli" Radiosu
Print