Keçmişdən bu günə kimi böyük təntənə ilə keçirilən və yadda qalan
bayramlardan biri də Novruz bayramıdır.
Bu bayram əsasən yazın gəlişi kimi qeyd edilir. Novruz bayramı mart
ayının 21-də qeyd olunur. Buna qədər isə 4 çərşənbə –Su, Od, Yel və
Torpaq çərşənbələri keçirilir.
Bu il çərşənbələrin birincisi olan Su çərşənbəsi fevral ayının
25-nə təsadüf edir. Bu çərşənbəni
"Yalançı", "Əzəl
çərşənbə", "Sular Novruzu" da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya
salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı
müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə
bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü
yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır,
yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su
çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona
verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Su ilə bağlı inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçərkən suyum irəlilə deyərlər
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Əvəllər insanlar su çərşənbəsində pak suyun olduğu yerlərə, çay və
bulaq başına gedərək çaylardakı, bulaqlardakı suların İslam
dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarlarmış.
Onu da xatırladaq ki, Zəmzəm suyu İbrahim peyğəmbərin arvadı Həcər
və oğlu İsmayılla bağlıdır. Səhrada susuz olan Həcər və İsmayılın
imdadına Allahın əmri ilə Cəbrayıl mələk yetişir və qanadını quru
səhrada yerə vurduqdan sonra həmin yerdən su fışqırır. Bu gün də
müqəddəs Həcc ziyarətinə gedənlər Zəmzəm bulağını ziyarət edirlər.
Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab
olunub.
Qeyd edək ki, Od çərşənbəsi 3 mart, Yel çərşənbəsi 10 mart, Torpaq
çərşənbəsi isə 17 mart tarixlərində keçiriləcək.
Müəllif - Dürdanə Xudiyeva