Bu gün Novruzun ilk çərşənbəsidir - "Su çərşənbəsi"
Keçmişdən bu günə kimi böyük təntənə ilə keçirilən və yadda qalan bayramlardan biri də Novruz bayramıdır.

Bu bayram əsasən yazın gəlişi kimi qeyd edilir. Novruz bayramı mart ayının 21-də qeyd olunur. Buna qədər isə 4 çərşənbə –Su, Od, Yel və Torpaq çərşənbələri keçirilir.

Bu il çərşənbələrin birincisi olan Su çərşənbəsi fevral ayının 25-nə təsadüf edir. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Su ilə bağlı inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçərkən suyum irəlilə deyərlər



Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Əvəllər insanlar su çərşənbəsində pak suyun olduğu yerlərə, çay və bulaq başına gedərək çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarlarmış.

Onu da xatırladaq ki, Zəmzəm suyu İbrahim peyğəmbərin arvadı Həcər və oğlu İsmayılla bağlıdır. Səhrada susuz olan Həcər və İsmayılın imdadına Allahın əmri ilə Cəbrayıl mələk yetişir və qanadını quru səhrada yerə vurduqdan sonra həmin yerdən su fışqırır. Bu gün də müqəddəs Həcc ziyarətinə gedənlər Zəmzəm bulağını ziyarət edirlər. Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub.



Qeyd edək ki, Od çərşənbəsi 3 mart, Yel çərşənbəsi 10 mart, Torpaq çərşənbəsi isə 17 mart tarixlərində keçiriləcək.

Müəllif - Dürdanə Xudiyeva
"Marneuli" Radiosu
Print