Koronavirus təhlükəsindən qorxan Sadaxlı sakinləri kənddə tibbi maska tapa bilmirlər
Sadaxlı kənd sakinləri kənddə yerləşən apteklərdə tibbi maska tapa bilmirlər.
Sakinlərin sözlərinə görə, kənddə yerləşən apteklərdə 20 tetriyə olan maskalar 1 günə 2 ya 3 ədəd satılırmış. Amma bir neçə gündür ki, tibbi maskaların toplu şəkildə alınmasına görə kənddə maska üçün aptekə müraciət edən sakinlər əli boş qayıtmalı olurlar.

Kənd sakinlərinin tibbi maskaya olan ehtiyacının səbəbi isə hava şəraiti və Çində olan “Koronavirusun” qonşu ölkə İranda da yayılmasıdır. Onlar virusun Gürcüstanda da yayılmasından qorxduqları üçün apteklərə müraciət edərək tibbi maskalar alır və bu şəkildə özlərini virusdan qorumağa çalışırlar.

Qeyd edək ki, Sadaxlı kəndində cəmi 5 aptek fəaliyyət göstərir. Bu apteklərdən yalnız Sadaxlı kənd sakinləri deyil, eyni zamanda Xuldərə, Mollaoğlu, Tsopi kənd sakinləri də istifadə edirlər.

Xatırladaq ki, İrandakı yeni növ koronavirus (Kovid-19) qurbanlarının sayı 12 nəfərə çatıb, 47 nəfər isə virusa yoluxub. Koronavirusun İranda yayılması səbəbindən Gürcüstan İranla olan uçuşları dayandırıb.

Müəllif - Aysun Şaparayeva
Print Email
FaceBook Twitter Google