Marneulidəki “Geo Hospitals” klinikasında koronavirus simptomları ilə 4 nəfər yatır
2 aprel tarixində Marneulidəki “Geo Hospitals” klinikasına yüksək hərarət simptomları ilə 4 nəfər yerləşdirilib.

Klinikanın rəhbəri Tata Şenqelaianın “Marneuli” radiosuna verdiyi məlumata görə, pasiyentlər təcrid olunmuş palatalara yerləşdiriliblər və hazırda onlardan koronavirusa görə analiz götürülməsi üçün infeksionistləri gözləyirlər.

“Onların analizlərinin cavabları təxminən bu gün axşam və ya sabah səhər saatlarında məlum olacaq. Bizim xəstəxanada 45-dən 65-dək yaşlarda ümumilikdə 4 pasiyent var, onlardan üçü kişi, biri isə qadındır”, – Tata Şenqelaia bildirdi.

Şenqelaia pasiyentlərin yaşadıqları yer haqda məlumat verməyib.

31 mart tarixində Marneulidəki “Geo Hospitals” klinikasında 2 yoluxma halı qeydə alınmışdı.

23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrində ciddi rejimli karantin elan olunmuşdu. Bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bəyanat vermişdi.

31 mart tarixindən etibarən bütün Gürcüstan miqyasında komendant saatı qüvvəyə minib, axşam saat 9-dan səhər saat 6-dək vətəndaşların hərəkəti qadağan edilib.


Print Email
FaceBook Twitter Google