Qızılhacılı kənd sakini Asif Qarayev və Könül Yusibovanın 6 ildən
sonra övladı olub.
Ölkədə karantin elan olunduğuna görə onların övladları bir müddət
doğum evində qalmalı olub.
Asif Qarayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
körpə doğulduğu zaman müəyyən problemləri olub və həkimlər onun
xəstəxanada qalmasını tövsiyə ediblər. Yeni doğulmuş Körpə
Tbilisidə, Diğomi massivində yerləşən klinikaların birində qalmalı
olub və hər iki valideyn Qızılhacılı kəndinə qayıdıblar.
Daha sonra ölkədə karantin elan oldunduğuna görə onlar körpəni
xəstəxanadan çıxara bilməyiblər. Mart ayının 12-dən xəstəxanada
qalan körpə ötən gün, 4 aprel tarixində Marneuli merinin müavini
Laşa Lobjanidze və tibb işçiləri tərəfindən valideynlərinə
çatdırılıb.
Asif Qarayev bildirdi ki, körpə indi evdədir və vəziyyəti yaxşıdır,
heç bir problemi yoxdur.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Kosalı kənd sakininin 8
ildən sonra valideyn olduğu xəbərləri yayılmışdı. Lakin Asif
Qarayev bu xəbərlərin həqiqətə uyğun olmadığını dedi və qeyd etdi
ki, 6 ildir övladı olmurmuş və Kosalı deyil, Qızılhacılı kəndində
yaşayır.