Marneuli meri insanların rəsmi və obyektiv mənbələrdən xəbər almalarını tövsiyə edir – Foto
Bildiyimiz kimi, uzun zamandır davam edən koronavirus həyata, yaşama və bir çox şeyə təsir etdiyi kimi, insan sağlamlığına və psixologiyasına da mənfi təsir göstərir.

Demək olar ki, hər gün, hər kəs koronavirus xəbərləri haqda məlumat alır və paylaşım edirlər.

Bəs oxuduğumuz bütün xəbərlər doğrudurmu?

Biz düzgün məlumatları haradan və necə əldə etməliyik?

Bu günə kimi koronavirus qorxusu ilə internet səhifələrində müxtəlif yazılar və yalan xəbərlər yayıblar və yaymağa davam edirlər. Misal üçün Gürcüstanda virusun yayıldığı ilk zamanlar belə bir məlumat paylaşılmışdı ki, göydən virus üçün dezinfeksiya məhlulu səpiləcək, buna görə də insanlar gecə saatlarında çölə çıxmamalıdır. Artıq bu cür yanlış məlumatlar günü-gündən çoxalmağa başlayıb.

Təxminən 1 həftədən çoxdur ki, yeni bir yalan məlumat yayılaraq insanları təşvişə salıb. Sözü gedən mesaj formalı hər kəsə göndərilən bu yazıda deyilir ki, həkimlər polislərlə birlikdə qapı-qapı, ev-ev gəzərək insanlara peyvənd vuracaqlar ki, bu peyvənd də virus tərkibli olub, 6 ay ərzində insanları öldürəcək. Bəzi yerlərdə bu məlumatlara inanan insanlar həyət evlərinin qapısını kilidləyərək çağıranların qarşısına çıxmırlar.

Bunlardan fərqli olaraq bəzi insanlar isə bu cür məlumatlara inanmır və qarşısının alınmasını tələb edirlər. İnsanları narahat edən yanlış məlumatları nəzərə alaraq Marneulinin Meri Zaur Darğallı ilə əlaqə saxladıq.

O, deyir ki, heç bir əsası olmadığı halda bu məlumatı yayanların qarşısı alınacaq və cəzasız qoyulmayacaqdır. O, təəssüflə bildirdi ki, artıq bu hal bir neçə dəfə baş verib. Bu çətin zamanda insanları təşvişə salır və yalan məlumatlar verirlər.

"Marneuli əhalisindən xahiş edirəm ki, bu cür yalan məlumatlara və qeyri-rəsmi mənbələrdən oxuduqları xəbərlərə inanmasınlar. Yalnız rəsmi və obyektiv mənbələrdən xəbərlər alsınlar", – Marneuli meri dedi.

Sözü gedən yazılı məlumatı sizə təqdim edirik.





Müəllif: Dürdanə Xudiyeva
"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google