Kirəç Muğanlıda özünütəcriddə olan ailələr dövlətdən kömək gözləyirlər
Marneulidə koronavirusa yoluxan 55 yaşlı qadının ailə üzvləri artıq 4 gündür ki özünütəcrid rejimində yaşayır.

Qadının ailəsi ilə birlikdə bacısının ailə üzvləri də evdə özünütəcriddədirlər. Polis hər iki ailəyə 14 gün ərzində evdən çölə çıxmağı qadağan edib və lazımi ehtiyaclarının yaxınları tərəfindən qarşılanmasını tövsiyə edib. Artıq bir neçə gündür ki, özünütəcriddə olan ailələrin gündəlik çörək və su ehtiyaclarını qonşuları, yaxınları təmin edir.
Karantin rejimində mağazaya belə gedə bilmədiyini deyən sakinlər vəziyyətin çətin olduğunu bildirirlər.

“Gündəlik ən çox çörəyə ehtiyacımız olur. Evdən çölə çıxa bilmirik deyə hər dəfə qonşular nələrsə alıb, qapının ağzına qoyub gedirlər. 14 gün bu vəziyyətdə yaşamaq olduqca çətindir. Yollar bağlandı kənddə hamı onsuz da karantindədir, heç kimin gəlir yeri yoxdur, özlərini zorla dolandırırlar. Bu vəziyyətdə bir də bizə kömək etməkləri onların vəziyyətini daha da ağırlaşdırır”, – 14 günlük özünütəcrid rejimində olan sakin deyir.

Karantində olan digər bir ailə üzvünün sözlərinə görə, evdə 5 nəfər yaşayırlar və karantinə alınacaqlarını düşünmədiklərinə görə əlavə ərzaq almağa ehtiyac görməyiblər.

“Əgər bilsəydik, evə nələrsə alardıq ki, heç olmazsa, 14 günlük ehtiyacımız bir təhər ödənsin. Dövlət bununla maraqlanmalıdır. Polis bizə evdə qalın, yeməyinizi yaxınlarınız verməlidir dedikdə çox əsəbiləşdim. Düşünməlidirlər ki, yaxınlarımız da karantindədirlər. Kənddə hamı evindən çölə çıxmır, işləmir, bu insanlar bizə necə kömək edə bilərlər axı”, – özünütəcrid rejimində olan sakin deyir.

Meriya tərəfindən özünütəcrid rejimində olan insanlara kömək edilib-edilməməsini öyrənmək məqsədilə Marneuli meri Zaur Darğallı ilə əlaqə saxlamağa çalışdıq, lakin o, bizim zənglərimizə cavab vermədi.

Merin gənclərlə iş üzrə məsləhətçisi Adil Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriya həmin ailələrə kömək edə bilər və bunun üçün kəndin icra nümayəndəsi ilə əlaqə saxlayaraq ailələrin siyahısını təqdim etmək lazımdır. Daha sonra icra nümayəndəsi siyahını meriyaya çatdırmalıdır, bu halda isə meriya tərəfindən həmin ailələrə yardım olunacaq.

Kirəç Muğanlı kəndinin icra nümayəndəsi Ehtiram Əmirxanlı ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, Kirəç Muğanlıda bir neçə ailə 14 günlük özünütəcrid rejimində yaşayırlar və onların heç bir yerdən gəlirləri yoxdur. Xatırladaq ki, 6 aprel tarixində "Geo Hospitals" klinikasında 55 yaşlı Marneulili qadının koronavirusa yoluxması təsqdiqlənib. O, hal-hazırda Tbilisidə xəstəxanada müalicə olunur.
Print Email
FaceBook Twitter Google