Marneulidə koronavirusa yoluxan 55 yaşlı qadının ailə üzvləri artıq
4 gündür ki özünütəcrid rejimində yaşayır.
Qadının ailəsi ilə birlikdə bacısının ailə üzvləri də evdə
özünütəcriddədirlər. Polis hər iki ailəyə 14 gün ərzində evdən çölə
çıxmağı qadağan edib və lazımi ehtiyaclarının yaxınları tərəfindən
qarşılanmasını tövsiyə edib. Artıq bir neçə gündür ki,
özünütəcriddə olan ailələrin gündəlik çörək və su ehtiyaclarını
qonşuları, yaxınları təmin edir.
Karantin rejimində mağazaya belə gedə bilmədiyini deyən sakinlər
vəziyyətin çətin olduğunu bildirirlər.
“Gündəlik ən çox çörəyə ehtiyacımız olur. Evdən çölə
çıxa bilmirik deyə hər dəfə qonşular nələrsə alıb, qapının ağzına
qoyub gedirlər. 14 gün bu vəziyyətdə yaşamaq olduqca çətindir.
Yollar bağlandı kənddə hamı onsuz da karantindədir, heç kimin gəlir
yeri yoxdur, özlərini zorla dolandırırlar. Bu vəziyyətdə bir də
bizə kömək etməkləri onların vəziyyətini daha da
ağırlaşdırır”, – 14 günlük özünütəcrid rejimində olan
sakin deyir.
Karantində olan digər bir ailə üzvünün sözlərinə görə, evdə 5 nəfər
yaşayırlar və karantinə alınacaqlarını düşünmədiklərinə görə əlavə
ərzaq almağa ehtiyac görməyiblər.
“Əgər bilsəydik, evə nələrsə alardıq ki, heç olmazsa,
14 günlük ehtiyacımız bir təhər ödənsin. Dövlət bununla
maraqlanmalıdır. Polis bizə evdə qalın, yeməyinizi yaxınlarınız
verməlidir dedikdə çox əsəbiləşdim. Düşünməlidirlər ki,
yaxınlarımız da karantindədirlər. Kənddə hamı evindən çölə çıxmır,
işləmir, bu insanlar bizə necə kömək edə bilərlər axı”,
– özünütəcrid rejimində olan sakin deyir.
Meriya tərəfindən özünütəcrid rejimində olan insanlara kömək
edilib-edilməməsini öyrənmək məqsədilə Marneuli meri Zaur Darğallı
ilə əlaqə saxlamağa çalışdıq, lakin o, bizim zənglərimizə cavab
vermədi.
Merin gənclərlə iş üzrə məsləhətçisi Adil Əliyev “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, meriya həmin ailələrə kömək edə
bilər və bunun üçün kəndin icra nümayəndəsi ilə əlaqə saxlayaraq
ailələrin siyahısını təqdim etmək lazımdır. Daha sonra icra
nümayəndəsi siyahını meriyaya çatdırmalıdır, bu halda isə meriya
tərəfindən həmin ailələrə yardım olunacaq.
Kirəç Muğanlı kəndinin icra nümayəndəsi Ehtiram Əmirxanlı ilə əlaqə
saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.
Qeyd edək ki, Kirəç Muğanlıda bir neçə ailə 14 günlük özünütəcrid
rejimində yaşayırlar və onların heç bir yerdən gəlirləri yoxdur.
Xatırladaq ki, 6 aprel tarixində "Geo Hospitals" klinikasında 55
yaşlı Marneulili qadının koronavirusa yoluxması təsqdiqlənib. O,
hal-hazırda Tbilisidə xəstəxanada müalicə olunur.