Özünütəcriddə olan Kirəç Muğanlı sakinlərinə dövlət yardım edib – FOTO
“Marneuli” radiosu bu gün 55 yaşlı qadının və bacısının ailə üzvlərinin 14 günlük özünütəcrid rejimində olması ilə bağlı xəbər hazırlayıb. Həmin xəbərdə onların 4 gündür ki, özünütəcrid rejimində olduqları və bu günlər ərzində onların ehtiyaclarının qonşuları və yaxınları tərəfindən təmin olunduğu barədə məlumat verilmişdi.

Polis onlara evdən çıxmamalarını və lazım olan ərzaqların yaxınları tərəfindən alınmasını tövsiyə etmişdi. Bu isə özünütəcriddə olan ailə üzvlərini narahat edirdi. Onlar qonşu və yaxınlarının karantində olduqlarını və yardım etmək üçün imkanlarının olmadıqlarını deyirdilər.

“Marneuli” radiosu Zaur Darğallıyla əlaqə saxlamağa çalışmışdı lakin o, zənglərimizə cavab vermədiyindən merin gənclərlə iş üzrə məsləhətçisi Adil Əliyevlə danışmalı olduq. O, bizə bu halda kəndin icra nümayəndəsinin meriyaya ailələrin siyahısını təqdim etməsinin vacib olduğunu bildirmişdi.

Özünütəcriddə olan ailələrin dövlətdən kömək gözləmələri ilə bağlı hazırladığımız xəbərdən sonra Marneuli meriyası hər iki ailəyə ərzaq yardımı göndərib. Ailələrə içərisində qarabaşaq, şəkər tozu, qənd, yağ, makaron, vermişel, çayotu, duz və bir ədəd sabun olan yardım paketləri göndərilib.

Ailə üzvləri “Marneuli” radiosu ilə əlaqə saxlayaraq radionun əməkdaşlarına diqqətlərinə görə təşəkkür ediblər.

Qeyd edək ki, kəndin icra nümayəndəsi Ehtiram Əmirxanlı hələ də zənglərimizə cavab vermir.

Xatırladaq ki, 6 aprel tarixində "Geo Hospitals" klinikasında 55 yaşlı Marneulili qadının koronavirusa yoluxması təsqdiqlənib. O, hal-hazırda Tbilisidə xəstəxanada müalicə olunur.



Print Email
FaceBook Twitter Google