“Marneuli” radiosu bu gün 55 yaşlı qadının və bacısının ailə
üzvlərinin 14 günlük özünütəcrid
rejimində olması ilə bağlı xəbər hazırlayıb. Həmin xəbərdə onların
4 gündür ki, özünütəcrid rejimində olduqları və bu günlər ərzində
onların ehtiyaclarının qonşuları və yaxınları tərəfindən təmin
olunduğu barədə məlumat verilmişdi.
Polis onlara evdən çıxmamalarını və lazım olan ərzaqların yaxınları
tərəfindən alınmasını tövsiyə etmişdi. Bu isə özünütəcriddə olan
ailə üzvlərini narahat edirdi. Onlar qonşu və yaxınlarının
karantində olduqlarını və yardım etmək üçün imkanlarının
olmadıqlarını deyirdilər.
“Marneuli” radiosu Zaur Darğallıyla əlaqə saxlamağa çalışmışdı
lakin o, zənglərimizə cavab vermədiyindən merin gənclərlə iş üzrə
məsləhətçisi Adil Əliyevlə danışmalı olduq. O, bizə bu halda kəndin
icra nümayəndəsinin meriyaya ailələrin siyahısını təqdim etməsinin
vacib olduğunu bildirmişdi.
Özünütəcriddə olan ailələrin dövlətdən kömək gözləmələri ilə bağlı
hazırladığımız xəbərdən sonra Marneuli meriyası hər iki ailəyə
ərzaq yardımı göndərib. Ailələrə içərisində qarabaşaq, şəkər tozu,
qənd, yağ, makaron, vermişel, çayotu, duz və bir ədəd sabun olan
yardım paketləri göndərilib.
Ailə üzvləri “Marneuli” radiosu ilə əlaqə saxlayaraq radionun
əməkdaşlarına diqqətlərinə görə təşəkkür ediblər.
Qeyd edək ki, kəndin icra nümayəndəsi Ehtiram Əmirxanlı hələ də
zənglərimizə cavab vermir.
Xatırladaq ki, 6 aprel tarixində "Geo Hospitals" klinikasında 55
yaşlı Marneulili qadının koronavirusa yoluxması təsqdiqlənib. O,
hal-hazırda Tbilisidə xəstəxanada müalicə olunur.