Etirazçılar hökumətin vədinə inandılar və yolları açdılar
Şulaverinin mərkəzinə toplaşmış əhali hakimiyyətdən məhsulun satılması ilə bağlı vəd aldıqdan sonra yolu açıblar. Yerli özünüidarə nümayəndələri bildiriblər ki, kənddən məhsulun daşınmasına bu gün başlanılacaq.

Şulaveridə müxtəlif kəndlərdən toplaşan əhali yolu səhərdən bağlayıb. Gün ərzində heç bir distribusiya və başqa növ maşına hərəkət etməyə imkan verməyiblər. Fermerlər iddia edirlər ki, onlara məhsulu satmağa imkan verilmir və buna görə də ağır sosial vəziyyətə düşüblər.

“Mən bankdan 35 000 lari borc götürmüşəm. 20 000 larilik məhsulum artıq xarab olub. Atıram və donuzlara yedizdirirəm. Buna ümid edirdik, indi neynəməliyik?!" – aksiya iştirakçılarından biri deyir.

Baş nazirin Regional İnkişaf Məsələləri üzrə müşaviri Sozar Subari aksiyada bildiib ki, bu günlər ərzində məshulun daşınması ilə bağlı problem olmayıb.

“Əgər haradasa kiçik logistika problemləri olubsa, onlar təcili qərar verilən məsələlərdir. Necə ki, bu gün qərar qəbul edildi. Gündüz və gecə - hər hansı vaxtda maşınlar buraya maneəsiz şəkildə gələcək. Sadəcə qiymətlə bağlı iki istiqamətdə problem var idi. Əhali ötən il və inişil olan qiymətləri tələb edirdi. Amma eynisi ola bilməz, çünki dünya böhranı hamıya və hər şeyə öz təsirini göstərib. İkincisi də budur ki, buraya məhsulla bağlı deyil, seçkilər haqqında danışan adamlar gəlmişdi”.

Hakimiyyət nümayəndələri aksiyada siyasi əlamətlər görürlər. Kvemo Kartli qubernatoru Şota Rexviaşvili prosesi Əhməd İmamquliyevin “səhnələşdirdiyi tamaşa” adlandırıb.

“Məni günahlandırır. Qubernator gəldi və bizim əhaliyə gülür. Aksiyada “Gürcü arzusunun” dəstəkçisi olan adamları sizə göstərə bilərəm. Bu əhalini həqiqətən bu problem narahat edir. Qubernator gəlir və bu qədər xalqı günahlandırır, ayıbdır”, - “Avropalı Gürcüstan” partiyasının Marneuli ofisinin rəhbəri Əhməd İmamquliyev deyir.

Şulaverinin mərkəzində bu gün, 22 aprel tarixində bir neçə kəndin sakinləri toplaşmışdı. Onlar ağır sosial vəziyyətə etirazlarını bildirmək üçün aksiya keçiriblər. Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Baş nazirin Regional İnkişaf Məsələləri üzrə müşaviri Sozar Subari və Marneuli meri Zaur Darğallı da aksiyanın keçirildiyi əraziyə gediblər.



Print