Maradisili Naira Pakasadzenin bir neçə günə 5 ton kahı yarpağı
xarab ola bilər.
Altı növ kahı yarpağını beş ildən artıqdır ki, becərir, satmaq
problemi isə indi, karantin rejimi tətbiq olunduqdan sonra yaranıb.
Naira onların yeganə gəlir mənbəyi olan ailə biznesinin təhlükə
altında olmasına görə narahatdır.
“Mənim həyat yoldaşın Tbilisidə ticarətlə məşğul idi.
Maşınla aparırdıq və satırdıq. Öz müştərilərimiz var idi. Restoran
və supermarket şəbəkəsindən idilər. Qırmızı zonada olduğumuza görə
çıxa bilmirik. Həm də bazar və restoranların çalışmaması da
problemdir, sata bilmirik. Bilmirik necə
olacaq.”
Naira Paksadzenin dörd nəfərlik ailəsi istixana təsərrüfatı üçün
pulu bankdan götürüb. Kreditə ayda 5 min lari ödəyirlər. Nairanın
dediyinə görə, 1 kiloqram kahı yarpağını 5 lariyə satrımış, indi
isə bir lariyə də satmağa razıdır, ancaq heç bu məbləğə də alıcı
yoxdur.
“Bir lariyə də satmağa məcburuq. Maksimum beş gün durar, sonra
xarab olacaq. Bu aylarda banka borumuzu təxirə saldılar, amma
iyunda ödəməliyik. Ümumilikdə 50 000 lari borc götürmüşük. Məhsulu
satmasaq, bilmirəm nə edəcəyik”.
Paksadzelər ailəsi yardım istəyi ilə yerli özünüidarəyə artıq
müraciət edib. Nairanın dediyinə görə, distribusiya şirkəti onun
məhsulunu satmaq üçün aparmayıb.
“Məsələ ilə bağlı Marneuli meri ilə də əlaqə saxladım.
Distribusiya bizimlə əlaqə saxladı ki, kahı yarpağı istəmirik.
Meriya da dedi ki, çalışırıq satılsın, ancaq kahı yarpağı almaqdan
hamı imtina edir. Restoran və dönərxanalar çalışmır deyə
satılmır.”
Marneuli bələdiyyəsində distribusiya məsələsini Marneuli Bələdiyyə
Məclisi sədrinin müavini Mamuka Naveriani idarə edir. Onun
“Marneuli” radiosuna bildirdiyinə görə, bələdiyyə kahı yarpağının
satışı baxımından danışıqlar aparır, ancaq hələ ki, problemin nə
vaxt həll olunacağı məlum deyil. Ona qədər isə Naira Paksadze 25
000 lari ziyana düşə bilər.
“Kahı yarpağına əsasən restoran və mehmanxanalardan
tələb var idi. Kahı yarpağına tələbat azalsa da, biz ixrac
edənlərlə sıx təmas qururuq və əminəm ki, bu problem həll
olunacaq.”
“Gələcəyin fermeri”-nin sədri Rusudan Qiqaşvili də Paksadzelər
ailəsinin problemi haqda məlumat alıb və bu haqda “Facebook”-da da
paylaşım edib. O, bizimlə söhbəti zamanı bildirdi ki, ölkədə mövcud
olan kritik vəziyyətdən irəli gələrək indi fermerlər daha fəal
olmalıdır və yerli bələdiyyə ilə daha çox ünsiyyət qurmalıdır.
Distribusiya məsələsini həll etmək məhz yerli özünüidarələrin
işidir.
“Biz fermerlər də tələb etməyi bacarmalıyıq. Gəlib
aparmaq imkanları varsa, qiymət qismən ucuz da olsa, əsas odur ki,
mənim qoyduğum dəyəri ödəsin. Bu halda belə mövqe ilə razılaşsaq,
yaxşı olar çünki başqa alternativimiz yoxdur. Ölkədə indi vəziyyət
pisdir. Burada söhbət onların məhsulunun xarab olmamasından
gedir.”
Rusudan Qiqaşvilinin paylaşımını “Şiraki” süd məhsulları
müəssisəsinin təsisçisi də görüb və Marneulili fermerə təmənnasız
yardım edəcəyinə vəd verib.
“Biz hər gün Marneulidə süd alırıq və Tbilisiyə
gətiririk. Nəqliyyatda yetərli qədər yer var və tonlarla məhsul
yerləşdirə bilərik. Paylaşımı oxuyandan sonra yardım etmək istədim.
Maşın onsuz da Marneuliyə gəlir və Navtluxi bazarına qədər apara
bilərəm. Mən artıq fermerlə danışdım və dedim ki, buraxılış kartı
varsa, gətirə bilərəm. Bir nəfəri gətirmək hüququm
var.”
Maradisili ailə kahı yarpağını sata biləcəkmi, bu buraxılış
kartının alınmasına bağlıdır. Bunun üçün yerli özünüidarəyə
müraciət etməlidirlər. Əgər Paksadzelər ailəsi beş günə bu problemi
həll etməsə, 25 000 lari zərərə düşə bilərlər.
Qeyd edək ki, Naira Paksadze 9 həmkəndlisi ilə birgə, Covid-19-a
yoluxmuş ailənin yeganə gəlir mənbəyini itirməməsi üçün səpilmiş
kartofun kətmənlənməsinə kömək edənlərdən biridir.