Maradisili ailənin məhsulunun xarab olması və kredit qorxusu ilə dolu həyatı

Maradisili Naira Pakasadzenin bir neçə günə 5 ton kahı yarpağı xarab ola bilər.


Altı növ kahı yarpağını beş ildən artıqdır ki, becərir, satmaq problemi isə indi, karantin rejimi tətbiq olunduqdan sonra yaranıb. Naira onların yeganə gəlir mənbəyi olan ailə biznesinin təhlükə altında olmasına görə narahatdır.

“Mənim həyat yoldaşın Tbilisidə ticarətlə məşğul idi. Maşınla aparırdıq və satırdıq. Öz müştərilərimiz var idi. Restoran və supermarket şəbəkəsindən idilər. Qırmızı zonada olduğumuza görə çıxa bilmirik. Həm də bazar və restoranların çalışmaması da problemdir, sata bilmirik. Bilmirik necə olacaq.”

Naira Paksadzenin dörd nəfərlik ailəsi istixana təsərrüfatı üçün pulu bankdan götürüb. Kreditə ayda 5 min lari ödəyirlər. Nairanın dediyinə görə, 1 kiloqram kahı yarpağını 5 lariyə satrımış, indi isə bir lariyə də satmağa razıdır, ancaq heç bu məbləğə də alıcı yoxdur.

“Bir lariyə də satmağa məcburuq. Maksimum beş gün durar, sonra xarab olacaq. Bu aylarda banka borumuzu təxirə saldılar, amma iyunda ödəməliyik. Ümumilikdə 50 000 lari borc götürmüşük. Məhsulu satmasaq, bilmirəm nə edəcəyik”.


Paksadzelər ailəsi yardım istəyi ilə yerli özünüidarəyə artıq müraciət edib. Nairanın dediyinə görə, distribusiya şirkəti onun məhsulunu satmaq üçün aparmayıb.

“Məsələ ilə bağlı Marneuli meri ilə də əlaqə saxladım. Distribusiya bizimlə əlaqə saxladı ki, kahı yarpağı istəmirik. Meriya da dedi ki, çalışırıq satılsın, ancaq kahı yarpağı almaqdan hamı imtina edir. Restoran və dönərxanalar çalışmır deyə satılmır.”

Marneuli bələdiyyəsində distribusiya məsələsini Marneuli Bələdiyyə Məclisi sədrinin müavini Mamuka Naveriani idarə edir. Onun “Marneuli” radiosuna bildirdiyinə görə, bələdiyyə kahı yarpağının satışı baxımından danışıqlar aparır, ancaq hələ ki, problemin nə vaxt həll olunacağı məlum deyil. Ona qədər isə Naira Paksadze 25 000 lari ziyana düşə bilər.

“Kahı yarpağına əsasən restoran və mehmanxanalardan tələb var idi. Kahı yarpağına tələbat azalsa da, biz ixrac edənlərlə sıx təmas qururuq və əminəm ki, bu problem həll olunacaq.”

“Gələcəyin fermeri”-nin sədri Rusudan Qiqaşvili də Paksadzelər ailəsinin problemi haqda məlumat alıb və bu haqda “Facebook”-da da paylaşım edib. O, bizimlə söhbəti zamanı bildirdi ki, ölkədə mövcud olan kritik vəziyyətdən irəli gələrək indi fermerlər daha fəal olmalıdır və yerli bələdiyyə ilə daha çox ünsiyyət qurmalıdır. Distribusiya məsələsini həll etmək məhz yerli özünüidarələrin işidir.

“Biz fermerlər də tələb etməyi bacarmalıyıq. Gəlib aparmaq imkanları varsa, qiymət qismən ucuz da olsa, əsas odur ki, mənim qoyduğum dəyəri ödəsin. Bu halda belə mövqe ilə razılaşsaq, yaxşı olar çünki başqa alternativimiz yoxdur. Ölkədə indi vəziyyət pisdir. Burada söhbət onların məhsulunun xarab olmamasından gedir.”

Rusudan Qiqaşvilinin paylaşımını “Şiraki” süd məhsulları müəssisəsinin təsisçisi də görüb və Marneulili fermerə təmənnasız yardım edəcəyinə vəd verib.

“Biz hər gün Marneulidə süd alırıq və Tbilisiyə gətiririk. Nəqliyyatda yetərli qədər yer var və tonlarla məhsul yerləşdirə bilərik. Paylaşımı oxuyandan sonra yardım etmək istədim. Maşın onsuz da Marneuliyə gəlir və Navtluxi bazarına qədər apara bilərəm. Mən artıq fermerlə danışdım və dedim ki, buraxılış kartı varsa, gətirə bilərəm. Bir nəfəri gətirmək hüququm var.”

Maradisili ailə kahı yarpağını sata biləcəkmi, bu buraxılış kartının alınmasına bağlıdır. Bunun üçün yerli özünüidarəyə müraciət etməlidirlər. Əgər Paksadzelər ailəsi beş günə bu problemi həll etməsə, 25 000 lari zərərə düşə bilərlər.

Qeyd edək ki, Naira Paksadze 9 həmkəndlisi ilə birgə, Covid-19-a yoluxmuş ailənin yeganə gəlir mənbəyini itirməməsi üçün səpilmiş kartofun kətmənlənməsinə kömək edənlərdən biridir.
"Marneuli" Radiosu

 

Print