"İşləmədiyimiz iki ayın icarə haqqını öz cibimizdən ödəyirik" – avtomobil ustaları
Bu gün, 5 may tarixindən etibarən avtomobil təmir mərkəzləri fəaliyyətə başladı. Bu haqda qərarı 4 may tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria verib. Hökumət tərəfindən koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq olunan qadağalardan sonra ölkədə və eləcə də Marneulidə olan avtomobil təmir mərkəzləri də bağlandı.

Marneuli ərazisizində avtomobil təmir mərkəzlərinin bu gün fəaliyyətə başlayıb-başlamaması ilə maraqlandıq. Bəzi mərkəzlər bağlı olsa da, açıq olanlar da var idi. Avtomobil ustaları "Marneuli" radiosu ilə söhbətləri zamanı bildirdilər ki, avtomobil təmir mərkəzlərini icarəyə götürüblər. İşləmədikləri iki ayın icarə haqqını da öz ciblərindən ödəyiblər.

"İki aya yaxındır ki, işsiz, pulsuz qaldıq. Öz cibimizdən yedik. Zərəri, xərci, hamısını belinə vurmayaq. Kirayə haqqını cibimizdən veririk. Boş-boşuna. Hamısını. Təzə açmışıq. Bir saat olar gəlmişik. İnşallah yəqin ki, sabahdan bilinəcək. Müştərilər necə olacaq. Gələcək-gəlməyəcək?!"

"Bizə ən çox pul baxımından təsir göstərdi. Başqa nə olasıdır? Ailəmizi bir təhər yıxıla-qalxa dolandırdıq bu müddət ərzində. Buranı icarəyə götürmüşük. Hələ yiyəsi heç nə deməyib o haqda. İlk iş günüdür hələ, gələn yoxdur. Hamı dağılıb gedib. Camaatda pul da yoxdur. O qədər zəng edən var idi ki, əvvəllər. İndi zəng edib deyirəm ki, sexi açmışam gəlin. Deyir pul yoxdur, nə ilə düzəltdirim? Bu maşın da o vaxtdan qalan maşındır. Sadaxlı maşınıdır. Sökdüm, patrul gəldi, dedi ki, açma. Yoxsa cərimə yazılacaq. Martın 20-də dedi. Elə o vaxtdan qalan maşındır. İndi təmir edirəm",
– maşın ustası deyir.

Qeyd edək ki, hökumətin qərarına əsasən avtomobil təmir mərkəzləri ilə yanaşı, tikinti sahələrinə də qoyulan məhdudiyyət götürülüb.



Print Email
FaceBook Twitter Google