Bu gün, 5 may tarixindən etibarən avtomobil təmir mərkəzləri
fəaliyyətə başladı. Bu haqda qərarı 4 may tarixində Gürcüstanın Baş
naziri Qiorqi Qaxaria verib.
Hökumət tərəfindən koronavirusun yayılmasının qarşısının alınması
məqsədi ilə tətbiq olunan qadağalardan sonra ölkədə və eləcə də
Marneulidə olan avtomobil təmir mərkəzləri də bağlandı.
Marneuli ərazisizində avtomobil təmir mərkəzlərinin bu gün
fəaliyyətə başlayıb-başlamaması ilə maraqlandıq. Bəzi mərkəzlər
bağlı olsa da, açıq olanlar da var idi. Avtomobil ustaları
"Marneuli" radiosu ilə söhbətləri zamanı bildirdilər ki, avtomobil
təmir mərkəzlərini icarəyə götürüblər. İşləmədikləri iki ayın icarə
haqqını da öz ciblərindən ödəyiblər.
"İki aya yaxındır ki, işsiz, pulsuz qaldıq. Öz
cibimizdən yedik. Zərəri, xərci, hamısını belinə vurmayaq. Kirayə
haqqını cibimizdən veririk. Boş-boşuna. Hamısını. Təzə açmışıq. Bir
saat olar gəlmişik. İnşallah yəqin ki, sabahdan bilinəcək.
Müştərilər necə olacaq. Gələcək-gəlməyəcək?!"
"Bizə ən çox pul baxımından təsir göstərdi. Başqa nə olasıdır?
Ailəmizi bir təhər yıxıla-qalxa dolandırdıq bu müddət ərzində.
Buranı icarəyə götürmüşük. Hələ yiyəsi heç nə deməyib o haqda. İlk
iş günüdür hələ, gələn yoxdur. Hamı dağılıb gedib. Camaatda pul da
yoxdur. O qədər zəng edən var idi ki, əvvəllər. İndi zəng edib
deyirəm ki, sexi açmışam gəlin. Deyir pul yoxdur, nə ilə
düzəltdirim? Bu maşın da o vaxtdan qalan maşındır. Sadaxlı
maşınıdır. Sökdüm, patrul gəldi, dedi ki, açma. Yoxsa cərimə
yazılacaq. Martın 20-də dedi. Elə o vaxtdan qalan maşındır. İndi
təmir edirəm", – maşın ustası deyir.
Qeyd edək ki, hökumətin qərarına əsasən avtomobil təmir mərkəzləri
ilə yanaşı, tikinti sahələrinə də qoyulan məhdudiyyət
götürülüb.