Karantin vaxtını evində tək başına keçirən 69 yaşlı qadın – FOTO
Kürtlər kəndində yaşayan 69 yaşlı Sarey Xanzadayeva 46 gündür ki, yaşadığı evdən çölə çıxmır.
O, hökumət tərəfindən qoyulan karantin qaydalarına ciddi şəkildə riayət edərək, evdə qalır. İlk günlər karantində qalmaq onun üçün çətin olsa da, daha sonra həmin qaydalara öyrəşib.

Sarey Xanzadayeva 21 ildir ki, tək yaşayır. O, deyir ki, həyat yoldaşı Borçalı elinin sayılan ziyalılarından biri olub. 1999-cu ildə həyat yoldaşı dünyasını dəyişib. İndi o, tək yaşayır. Övladları yanında olmadığına görə, evdə tək başına karantin vaxtını keçirmək onun üçün çox çətindir.

Müsahibmiz deyir ki, karantində qalmaq onun üçün çətin olsa da, hökumətin qoyduğu qaydalara riayət etmək onun üçün çox vacibdir. O, ümid edir ki, bu bəla tezliklə bitəcək.

“69 yaşım var. İndiyə qədər belə bir hadisə nə eşitmişəm, nə də görmüşəm. Fikirimcə, bu çox ciddi vəziyyətdir. Əgər ciddi olmasaydı, hökumət bu qədər əl-ayağa düşməzdi. Bəzi insanlar bu virusun olduğuna şübhə ilə yanaşır. Amma mən belə fikirləşmirəm və qoyulan bütün qayda-qanunlara ciddi sürətdə əməl edirəm. Bütün həmyaşıdlarıma səslənirəm. Özümüzün və gələcək nəslimizin sağlamlığı üçün hər bir kəs qoyulan qadağalara əməl etməlidir. Beləliklə uşaqlarımız, nəvə-nəticələrimiz üçün daha möhkəm, sağlam gələcək qurmuş olarıq”,
– Sarey Xanzadayeva deyir.



Sarey Xanzadayeva əvvəllər əkinçilik və maldarlıqla məşğul olub. Yaşa dolduqca işləmək onun üçün çətinləşib. Buna görə də fiziki işlərdən uzaq durub. İndi o, dövlət tərəfindən verilən 220 lari təqaüdlə dolanır.

Evdən çölə çıxmaq qadağası qüvvəyə mindikdən sonra Sarey Xanzadayeva bütün gününü ev işləri, həyətində əkib becərdiyi gül və ağaclara qulluq etməklə keçirir. Gündəmdən xəbər tutmaq üçün televizorda xəbərləri izləyir və maarifləndirici verilişlərə baxır.

“Demək olar ki, bütün günü evdə tək oluram. Evdə özümə yemək hazırlayıram, evi-eşiyi yığıb təmizləyirəm. Qapını-bacanı təmizləyirəm. Son vaxtlar tez-tez xəbərləri baxıram, xəstəliyə görə bu dünyanın axırı necə olacaq. Digər vaxtlarda da seriallara baxıram. Başqa nə var ki, baxım? Ən çox türk seriallarına baxıram. Əsasən türk və Azərbaycan televiziya kanallarını izləyirəm. Gürcü kanallarına baxa bilmirəm. Ona görə ki, gürcü dilini bilmirəm, necə baxım? Elə ölkədə nə baş verir onu Azərbaycan kanallarından və ondan-bundan eşidirəm. Gürcüstanda siyasətçilərdən bircə Sakoyu (Saakaşvili) tanıyıram, başqa heç kimi tanımıram. Son dəfə mən Marneuliyə 19 martda getmişəm. Ondan bəri getməmişəm. Bir ay bundan qabaq bir dəfə selsovet tərəfindən yardım almışam. Başqa yardım almamışam. Həyatda bircə yaşamağı xoşlayıram”, –
Sarey Xanzadayev deyir.



69 yaşlı müsahibimiz deyir ki, övladları onu tək qoymur tez-tez zəng edərək hal-əhvalı ilə maraqlanırlar. Lazım olan hallarda onun övladları dərmanlarını, yeyəcək məhsullarını almaqda ona kömək edirlər.

“Karantini tək keçirmək mənim üçün o qədər də çətin olmadı. Mənim 4 övladım var. Onlaradan biri Rusiyada, biri Ukraynada digər, ikisi isə Gürcüstanda yaşayır. Onlar həmişə mənə maddi və mənəvi dəstək olurlar. Bu gün də ehtiyacım olan hər şeylə məni təmin edirlər. Ondan başqa karantin rejimi qoyulduqdan sonra dövlət tərəfindən bir dəfə yardım almışam. Son vaxtlarda əhali arasında bəzi şaiyələrin yayılması məni çox narahat edir. İnsanlar təlaşa düşür. Mənə elə gəlir ki, təlaşa düşməyə heç bir səbəb yoxdur. Hər şey yaxşı olacaq və mən birlikdə buna qalib gələcəyimizə səmimi qəlbdən inanıram. Hamıya dözüm və səbir arzulayıram”, – Sarey Xanzadayeva deyir.



Sarey Xanzadayeva deyir ki, nəvələri, nəticələri üçün çox darıxıb. Koronavirusun tez bir zamanda qurtarmasını arzulayır. O, ümid edir ki, tez bir zamanda bu bəla yox olub gedəcək.

Müəllif: Nihad Məmmədov
Print Email
FaceBook Twitter Google