Marneuli bələdiyyəsində ictimai nəqliyyatın hərəkətinin nə zaman
bərpa olunacağı hələ ki, məlum deyil. Marneuli Meri Zaur Darğallı
“Marneuli” radiosuna verdiyi müsahibədə bildirdi ki, ictimai
nəqliyyatın iş qrafikinin yenilənməsi mərkəzi hakimiyyətin
qərarından asılı olacaq.
“Şəhərlərdə ictimai nəqliyyatın bərpası ilə bağlı Koordinasiya
Şurasında nə zaman qərar qəbul etsə, bütün Gürcüstanda olduğu kimi,
bizdə də bu proses başlayacaq. Tövsiyələr bütün regionlar üçün
ümumidir və biz bu istiqamətdə hazırlanmış tövsiyələri mütləq
nəzərə alacağıq”, – Zaur Darğallı deyir.
Qeyd edək ki, 24 aprel tarixində Gürcüstanın Baş naziri Qiorqi
Qaxaria hökumət tərəfindən hazırlanmış böhrana qarşı iqtisadi plan
təqdim edib. Plan 6 mərhələdən ibarətdir və müxtəlif obyektlərin
mərhələli şəkildə açılmasını nəzərdə tutur. İctimai nəqliyyat
onların siyahısına düşməyib. Qiorqi Qaxaria qeyd edib ki, bu sahə
birbaşa epidemiyanın coğrafiyası və yayılma sürətindən asılıdır və
onları hansısa mərhələyə əlavə etmək subyektiv olar.
Marneulidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti 17 mart
tarixində dayandırılıb. Marneuli bələdiyyəsi 23 mart tarixindən
bağlanıb. Hökumət bu qərarı bələdiyyədə koronavirusa ilk yoluxma
halı qeydə alındıqdan sonra verib.
18 may tarixindən Marneuli açılacaq. Bu haqda Baş nazir Qiorqi
Qaxaria 7 may tarixində, hökumət iclasında bildirib.
"Marneueli" radiosu