Marneuli miqyasında ümumilikdə 10 330 ərzaq paketi paylanıb. Qeyd
olunan məlumatı Adil Əliyev Marneulinin qırmızı zona elan olunduğu
gündən indiyə kimi aparılan qabaqlayıcı tədbirlərinin
yekunlaşdırılması ilə bağlı görüşdə verib. İşgüzar tədbirin videosu
Marneuli bələdiyyəsinin veb-səhifəsində paylaşılıb.
“Marneulinin qırmızı zona elan olunmasından bu günə qədər biz vətəndaşlara ilkin tələbat malları payladıq. Ümumilikdə 10 330 bağlama ərzaq paylanılıb. Bunlardan 7500 nəfər vətəndaş birdəfəlik, 1300 nəfər isə birdən artıq yardım alıb.”
Marneuli merinin gənclərlə iş üzrə müşaviri Adil Əliyev deyib ki,
10 330 ərzaq paketindən 8500-nü meriya alıb, qalanı isə müxtəlif
şirkət və şəxslər tərəfindən verilib. “Marneuli” radiosu yerli
özünüidarədən bu istiqamətdə nə qədər pul xərcləndiyini müəyyən
etməyə çalışır.
“Bizim benefisiarlar gündəlik çalışanlar, işini itirənlər, əvvəllər sosial yardım alan və daha sonra yardımı ləğv olunanlar, özünütəcriddə olanlar, tək yaşayanlar, evdən bayıra çıxa bilməyən qocalardır. Ancaq biz başqa kateqoriyaya aid adamlara da yardım etdik. Çünki onlardan tələb var idi. Bunlar pensiyaçılar, sosial yardım alan, ancaq pis şəraitdə yaşayan adamlar idi”, – Zaur Darğallı 27 aprel tarixində bildirib.
Bir ərzaq paketinə təxminən 1,8 kq makaron, 1 kq düyü, 1 kq şəkər
tozu, 1 litr günəbaxan yağı, 1 qutu çay, 4-5 kq un və 2 çörək daxil
idi.