Karantin zamanı Marneulidə fəaliyyət göstərən iki şadlıq sarayında
100-dən çox toy təxirə salınıb.
Toyların təxirə salınmasına səbəb hökumət tərəfindən koronavirusun
yayılmasının qarşısının alınması məqsədi ilə ictimai yerlərdə
insanların bir yerə toplaşmasının qadağan edilməsidir.
Marneulidə fəaliyyət göstərən şadlıq saraylarında karantin zamanı
nə qədər toy sifarişi götürüldüyü ilə baraqlandıq. "Qızıl Tac"
şadlıq evinin şəriklərindən biri olan Zakir Balakişiyev "Marneuli"
radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar mart ayından bu günə
qədər 40-a yaxın sifariş qəbul ediblər. Qadağadan sonra toyların
sifarişini ləğv ediblər. Zakir Balakişiyevin dediyinə görə,
sentyabr-oktyabra kimi 30-40 nəfərin toyunu da təxirə salıblar.
"Nə edə bilərik?! Nə vaxt icazə verərlər, nə vaxt açılar, onda biz
də nə isə edərik. Bütün toylar təxirə salınıb. İndidən belə qəbul
olunanlar da var. Amma heç kimə söz verə bilmirik ki, nə vaxt
açılacaq. Əvvəllər xalq üç ay əvvələ yazılırdı. Sentyabra kimi
toyumuz yenə var idi. Bu iş bizdən asılı deyil. Xalq bilir ki, bu
dövlət tərəfindən qoyulan qadağadır. Ona görə də camaat bizi
narahat etmir, nə də bizə iradlarını bildirmir. Toyların ləğv
olunması haqda hamıya xəbərdarlıq etmişik. Hamı xəbərdardır. Allah
qoysa, nə vaxt icazə verilər toyların keçirilməsinə, ondan sonra
kim hansı gün istəsə, o zaman qeydiyyata alacağıq. Şadlıq
sarayların açılmasına icazə veriləndən sonra Səhiyyə Nazirliyinin
tövsiyələri mütləq nəzərə alınacaq", – Qızıl Tac
şadlıq sarayının şəriklərindən Zakir Balakişiyev dedi.
Zakir Balakişiyev ümid edir ki, hökumət tez bir zamanda qadağaları
ləğv edəcək və onlar normal iş fəaliyyətinə qayıdacaqlar.
Marneulidə fəaliyyət göstərən "Aydan" şadlıq sarayının 45 nəfərdən
artıq işçisi var. Karantin rejimi tətbiq olunandan sonra həmin
işçilər öz iş yerlərini itiriblər. Şadlıq sarayının menecerinin
sözlərinə görə, onunla işləyən işçilərin çoxu imkansız ailənin
üzvləridir.
"Bizim müştərilərmiz çox idi. Koronavirus çıxmamışdan
qabaq nə qədər toylarımız var idi. Hamısı ləğv olundu. Çox
ziyandayıq. Ondan başqa mənim 15 nəfər bir, 30 nəfər bir işçim var.
Əksəriyyəti imkansız ailədən olanlardır və mənimlə işləyirdilər.
Hamısı evdə pulsuz otururlar. Çox ziyandayıq, mənim özüm də. Beş
aydır işsizik. Mövsüm qurtarana yaxın idi, dincəlməyə çıxmışdıq.
Sonra xəstəlik oldu. Bu xəstəlik bizi tamamilə pulsuz qoydu. Bu
günə qədər mənim 96 toyum ləğv olunub. 96 toy sifarişim var idi.
Hamısı ləğv olundu. İndən belə də sentyabr, oktyabr, noyabr
aylarına sifarişlərimiz var. Amma evdə otururuq, görək hökumətin
qərarı necə olacaq. Müştərilərdən hələ də məlumat alırıq. Həm də
onlara məlumat veririk ki, yəni hələ bizdə bir cavab yoxdur. İndən
belə də təqribən 25-30 toyum var. O da payız aylarınadır. Onlar da
əvvəlcədən yazılanlardır. İndi də müştərilərimiz
gəlmir", – Aydan şadlıq sarayının meneceri Şaiq
Əsgərov dedi.
Şaiq Əsgərovun sözlərinə görə, o da işçiləri kimi evdə oturub
hökumətin qərarını gözləyir.
Qeyd edək ki, hökumətin qərarına əsasən, mayın 18-dən etibarən
ölkədə fövqəladə vəziyyət zamanı 10-dan çox şəxsin toplaşması
qadağandır. Eyni zamanda 10 nəfərdən çox şəxsin toplaşması ilə
əlaqəli ictimai fəaliyyətlər də (məsələn, yas mərasimi, toy və s.)
qadağandır.
Mayın 18-dək 3-dən çox şəxsin toplaşması və 3-dən çox şəxsin
toplaşması ilə əlaqəli oxşar fəaliyyətlər də qadağan olunur.
Fövqəladə vəziyyət 22 may 2020-ci il də daxil olmaqla elan
edilib.