Marneulidə fəaliyyət göstərən iki şadlıq sarayında 100-dən çox toy təxirə salınıb
Karantin zamanı Marneulidə fəaliyyət göstərən iki şadlıq sarayında 100-dən çox toy təxirə salınıb. Toyların təxirə salınmasına səbəb hökumət tərəfindən koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə ictimai yerlərdə insanların bir yerə toplaşmasının qadağan edilməsidir.

Marneulidə fəaliyyət göstərən şadlıq saraylarında karantin zamanı nə qədər toy sifarişi götürüldüyü ilə baraqlandıq. "Qızıl Tac" şadlıq evinin şəriklərindən biri olan Zakir Balakişiyev "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar mart ayından bu günə qədər 40-a yaxın sifariş qəbul ediblər. Qadağadan sonra toyların sifarişini ləğv ediblər. Zakir Balakişiyevin dediyinə görə, sentyabr-oktyabra kimi 30-40 nəfərin toyunu da təxirə salıblar.

"Nə edə bilərik?! Nə vaxt icazə verərlər, nə vaxt açılar, onda biz də nə isə edərik. Bütün toylar təxirə salınıb. İndidən belə qəbul olunanlar da var. Amma heç kimə söz verə bilmirik ki, nə vaxt açılacaq. Əvvəllər xalq üç ay əvvələ yazılırdı. Sentyabra kimi toyumuz yenə var idi. Bu iş bizdən asılı deyil. Xalq bilir ki, bu dövlət tərəfindən qoyulan qadağadır. Ona görə də camaat bizi narahat etmir, nə də bizə iradlarını bildirmir. Toyların ləğv olunması haqda hamıya xəbərdarlıq etmişik. Hamı xəbərdardır. Allah qoysa, nə vaxt icazə verilər toyların keçirilməsinə, ondan sonra kim hansı gün istəsə, o zaman qeydiyyata alacağıq. Şadlıq sarayların açılmasına icazə veriləndən sonra Səhiyyə Nazirliyinin tövsiyələri mütləq nəzərə alınacaq",
– Qızıl Tac şadlıq sarayının şəriklərindən Zakir Balakişiyev dedi.

Zakir Balakişiyev ümid edir ki, hökumət tez bir zamanda qadağaları ləğv edəcək və onlar normal iş fəaliyyətinə qayıdacaqlar.

Marneulidə fəaliyyət göstərən "Aydan" şadlıq sarayının 45 nəfərdən artıq işçisi var. Karantin rejimi tətbiq olunandan sonra həmin işçilər öz iş yerlərini itiriblər. Şadlıq sarayının menecerinin sözlərinə görə, onunla işləyən işçilərin çoxu imkansız ailənin üzvləridir.

"Bizim müştərilərmiz çox idi. Koronavirus çıxmamışdan qabaq nə qədər toylarımız var idi. Hamısı ləğv olundu. Çox ziyandayıq. Ondan başqa mənim 15 nəfər bir, 30 nəfər bir işçim var. Əksəriyyəti imkansız ailədən olanlardır və mənimlə işləyirdilər. Hamısı evdə pulsuz otururlar. Çox ziyandayıq, mənim özüm də. Beş aydır işsizik. Mövsüm qurtarana yaxın idi, dincəlməyə çıxmışdıq. Sonra xəstəlik oldu. Bu xəstəlik bizi tamamilə pulsuz qoydu. Bu günə qədər mənim 96 toyum ləğv olunub. 96 toy sifarişim var idi. Hamısı ləğv olundu. İndən belə də sentyabr, oktyabr, noyabr aylarına sifarişlərimiz var. Amma evdə otururuq, görək hökumətin qərarı necə olacaq. Müştərilərdən hələ də məlumat alırıq. Həm də onlara məlumat veririk ki, yəni hələ bizdə bir cavab yoxdur. İndən belə də təqribən 25-30 toyum var. O da payız aylarınadır. Onlar da əvvəlcədən yazılanlardır. İndi də müştərilərimiz gəlmir", – Aydan şadlıq sarayının meneceri Şaiq Əsgərov dedi.

Şaiq Əsgərovun sözlərinə görə, o da işçiləri kimi evdə oturub hökumətin qərarını gözləyir.

Qeyd edək ki, hökumətin qərarına əsasən, mayın 18-dən etibarən ölkədə fövqəladə vəziyyət zamanı 10-dan çox şəxsin toplaşması qadağandır. Eyni zamanda 10 nəfərdən çox şəxsin toplaşması ilə əlaqəli ictimai fəaliyyətlər də (məsələn, yas mərasimi, toy və s.) qadağandır.

Mayın 18-dək 3-dən çox şəxsin toplaşması və 3-dən çox şəxsin toplaşması ilə əlaqəli oxşar fəaliyyətlər də qadağan olunur.

Fövqəladə vəziyyət 22 may 2020-ci il də daxil olmaqla elan edilib.

"Marneuli" Radiosu
Print