Bolnisi rayonunda daha 6 nəfərdə koronavirus aşkarlanıb (FOTO)
Bolnisi rayonunda daha 6 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 4 nəfəri Aşağı Güləver (Qeta), 2 nəfəri isə Dəllər (Muşevani) kəndindəndir. Bu barədə məlumatı aktiv gənc Şükür Əliyev verdi. Onun sözlərinə görə, bir neçə gün öncə Aşağı Güləver kəndində 8 nəfərdə virus aşkarlanmışdı. Buna görə də dünən kənd sakinlərindən nümunə götürülüb. Onlardan 4-də analizin cavabı müsbət çıxıb.

Şükür Əliyevin sözlərinə görə, hal-hazırda epidemioloqlar kənddə işləyirlər. 350-dən çox kənd sakinindən nümunə götürülüb. Çox güman ki, analizin cavabları sabah məlum olacaq.

Hər iki kənddə ciddi karantin rejimi tətbiq edilib. Kəndlərə giriş-çıxış bağlanıb. Müdafiə qüvvələri və polis kəndlərə nəzarət edir.

Qeyd edək ki, Aşağı Güləver kəndində bu günə qədər 17 nəfərdə koronavirus aşkarlanıb. Buna görə də, 15 may tarixindən kənddə ciddi karantin rejimi tətbiq edilib.

Dəllər kəndində isə bu günə qədər 40 yoluxma halı qeydə alınıb, 25 apreldən kənddə ciddi karantin rejimi qüvvəyə minib.

Birinci kanalın verdiyi məlumata görə, Bolnisidən 156 nəfərdən götürülmüş nümunələr laboratoriyaya analizə göndərilib.

Bolnisidə bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 146-ya çatıb. Onların 51-i artıq sağalıb, 3-ü isə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 683 nəfərə çatıb. Onlardan 419 nəfəri sağalıb, 12 nəfəri isə dünyasını dəyişib. Bununla yanaşı 3822 nəfər karantin rejimində, 360 nəfər isə stasionar nəzarət altındadır. Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə 3 nəfərdir.







"Marneuli" Radiosu
Print