Marneulidəki gözəllik salonlarının bir qismi bu gün müştəri qəbul edə bilməyib
Bu gündən etibarən gözəllik salonları və estetik mərkəzlər açılıb. “Marneuli” radiosu bələdiyyədə yerləşən iyirmiyə yaxın salonda oldu. Binaların bir qismində qıfıl dururdu. Əksəriyyəti isə açıq, ancaq müştərilər üçün “bağlı” idi. Stilistlər indi otaqların qaydaya salmaqla və təmizlik işləri ilə məşğul idilər. Marneulidə yerləşən “Lili” salonunun rəhbərliyi iki ay gəlirsiz qalmalarından gileylənir. Hansı tövsiyələri nəzərə alacaqlarını da dəqiq bilmirlər. Dezinfeksiya vasitələri və termoskrininq aparatını artıq alıblar.



“Hər dəqiqə yeni nələrsə (tənzimləmələr) çıxır, biz də tanış oluruq və çalışırıq qaydaları pozmayaq. Bu gün salonu açdıq və maraqlanırıq nə necə olacaq”, – salonun rəhbəri Leyla Arslan deyir.

“Deyirlər dövlət birdəfəlik kompensasiya verəcək. Həmin pulun mənə nə xeyri var? Yenə salona xərcləyəcəm. Həmin pulla ailəmə çörək alası deyiləm ki? Yenə salon üçün xalatlar, maskalar, əlcək və daha nələr alacam. Salon necə işləməlidir? Mən bilmirəm, təsəvvürüm də yoxdur. İcarə pulu ödəyirəm, bir yandan yemək almalıyam, heç bilmirəm nə olacaq?” – manikür ustası Alvina Arutyunova deyir.


Digər salon nümayəndələri də həmin problemlərlə qarşı-qarşıyadır. Bizimlə söhbəti zamanı əksəriyyət bildirir ki, hələ qeyri-müəyyən vəziyyətdədirlər və yeniliklərlə mərhələli şəkildə tanış olurlar. İki ay faktiki olaraq boş olduqlarına görə vəziyyətdən asan çıxa bilməyəcəklərindən qorxurlar.  







Slaonlar Səhiyyə Nazirliyinin verdiyi tövsiyələri nəzərə almalıdırlar. Onlara termometrlərdən, qoruyucu şüşələrdən, dezinfeksiya məhlulundan, maska və əlcəkdən istifadə də daxildir. İş məkanında müştəri sayına nəzarət olunmalıdır – 5 kv. m. sahədə bir müştəri və bir usta olmalıdır. Hər iş masası arasında 2 metrlik məsafə qoyulmalıdır. 2 merlik məsafəyə riayət etmək mümkün olmazsa, məkanların təcridi üçün yuyulması və təmizlənməsi mümkün olan (hərəkətli divarlar) arakəsmələrdən istifadə olunmalıdır. Salona əvvəlcədən yazılmaq da vacib şərtdir.

Print Email
FaceBook Twitter Google