Bir neçə nəfərin içərisində, vahid müxalifət olaraq namizədliyi irəli sürülə biləcək insanların içərisində mənim də adım var – Aqil Mustafayev
“Düşünürəm ki, bu seçkilərdə Gürcüstan vətəndaşları “Gürcü Arzusu”na birbaşa “Yox” deyəcəklər!”, – Bu haqda Vahid Milli Hərəkat partiyasının Marneuli ofisinin rəhbəri Aqil Mustafayev 2020-ci ildə keçiriləcək Parlament seçkilərinə bələdiyyədən majoritar deputat olaraq kimin namizədliyini irəli sürəcəyi ilə bağlı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.

Mustafayevin sözlərinə görə, “Vahid Milli Hərəkat” partiyası “Avropalı Gürcüstan” və ya digər müxalifət partiyaları ilə birləşərək bir neçə rayon üçün cəmi bir namizəd irəli sürəcəklər. O, deyir ki, hələ bu mövzu ilə bağlı razılaşmalar əldə edilməyib və Mərkəzi partiya daxil olmaqla, Yerli təşkilatın razılığı əsasında qərar veriləcək. Bundan sonra isə namizədin kimliyi və hansı partiyanın namizədini irəli sürəcəyi müəyyən olacaq.

“Hələ partiya daxili deyil, bütün müxalif partiyalarla söhbətlər gedir və tam olaraq kimin üzərində dayanacaqları ilə bağlı razılaşma əldə edilməyib. Hələ başqa partiyaların nümayəndələri ilə razılaşma olduqdan sonra kimin namizəd olacağı və hansı partiyanın nümayəndəsi olacağı bilinəcək. Son dövrlərdə bununla bağlı müzakirələr aparılır və bu bir neçə partiyanın birlikdə namizəd verməsi məsələsi ilə bağlıdır”, – Aqil Mustafayev dedi.

Aqil Mustafayev onun namizəd ola biləcəyi ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, namizədliyi irəli sürüləcəyi halda o, seçkilərdə iştirak etməyə hazırdır.

“Bir neçə nəfərin içərisində, vahid müxalifət olaraq namizədliyi irəli sürülə biləcək insanların içərisində mənim də adım var.”

Mustafayev seçkilərdə namizəd olduğu halda qalib gəlib-gələ bilməyəcəyinin yalnız özündən deyil, təmsil etdiyi partiyanın aparacağı kampaniyadan da asılı olduğunu bildirdi.

“Qalib gəlməyimiz seçicilərimizin verəcəyi qərardan irəli gəlir. Biz seçkilərə qatılanda mütləq qələbə qazanacağımızı düşünərək qatılırıq. Əgər biz hər hansı bir yer tutacağımızı və neçə faiz toplayacağımızı düşünərək addım atsaq, mən bu seçkilərə qatılmaram, mübarizə aparmaram. Biz qələbə üçün mübarizə aparırıq”, – Mustafayev dedi.

2020-ci ilin Parlament seçkiləri zamanı müxalif partiyaların majoritar dairələr üçün birləşərək bir neçə rayonda cəmi bir majoritar namizəd irəli sürəcəkləri ehtimal olunur.

"Marneuli" Radiosu
Print