Ramazan bayramı nə zaman qeyd olunacaq – Açıqlama
Bu il Ramazan bayramı 24 may tarixinə təsadüf edəcəyi ehtimal olunur. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, Ramazan ayının başlaması Ay təqvimi əsasında olduğundan daha dəqiq ayın görünməsi ilə müəyyən olunacaq.

“Əgər 23 may tarixində ay görünərsə, 24 mayda bayram qeyd olunacaq. Ancaq, bizim əldə etdiyimiz məlumata görə, çox ehtimal olunur ki, bu il Ramazan bayramı mayın 24-də olacaq. Yəni buradan da belə məlum olur ki, keçən ildən fərqli olaraq Ramazan ayı 29 gün olacaq və 30-cu günü bayram olacaq”, – Hacı Ramin İgidov dedi.

Hacı Ramin İgidov onu da əlavə etdi ki, yeni ayın görünməsi ilə bağlı İslam məzhəblərində fiqh alimlərinin fərqli nəzəriyyələri vardır. Bəzi alimlər astronomik əsasla dünyanın bir yerində ayın görünməsini digər yerlər üçün də kafi hesab edir. Digər məzhəb alimləri və müctəhidlər isə ayrı-ayrı coğrafi məkanda yaşayanların üfüqləri fərqli olduğuna görə, öz coğrafi bölgəsindən ayın (teleskop ilə də olsa) görünməsini şərt bilirlər.

Xatırladaq ki, bu il Ramazan ayı Türkiyə də daxil olmaqla bəzi ölkələrdə aprelin 24-də, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda isə 25-də başlayıb.

Print Email
FaceBook Twitter Google