Ramazanda fitrə zəkatı nə qədərdir və kimlərə verilməlidir? – Açıqlama
İslam dinində hər bir yetkinlik yaşına çatmış və kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə çıxarmalıdır.
Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan insanlara verilməlidir. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, əsasən fitrənin ödənilməsi buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi yeyinti məhsullarının üzərindən götürülür.

“Hər il olduğu kimi, bu il də buğdanın (ondan alınan unun) üzərindən götürdük. İndiki qiymətlə hesablayanda görürük ki, bunun da dəyərində pul verilsə, artıqlaması ilə adambaşına 4 lari olur. Amma ötən il 3 lari idi. Bu il bahlaşma olduğu üçün Gürcüstanda adambaşına Fitrə zəkatı ən azı 4 lari hüdudunda götürülüb”, —
Hacı Ramin İgidov dedi.

Hacı onu da bildirdi ki, ən ucuz olanın qiymətini hesablayıblar. Əgər kiminsə maddi vəziyyəti yaxşıdısa, o zaman həmin şəxs bahalı ərzaq məhsulunun üzərində hesablayaraq, fitrə verərsə, daha yaxşı olar.

“Yaxşı olar ki, maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanın (məs. xurma və kişmişin) qiyməti dəyərini versinlər.
Fitrə zəkatı bayram axşamı bir ailədə neçə nəfər yaşayırsa və neçə nəfər çörək yeyəni varsa, hər biri üçün hesablanıb çıxılır. Axşamdan fitrə zəkatı niyyəti ilə ayrılan ərzaq və ya dəyərində pul bayram gününün zöhrünə qədər ödənəlilməsi vacibdir”,
— Hacı Ramin İgidov dedi.

Ramin İgidov onu da əlavə etdi ki, fitrə əsasən fəqir, yoxsul olan insanlara verilməlidir.

“Fitrəni öncə əgər yaxın qohumunda ailə vəziyyəti aşağı olan biri varsa, o zaman ona verilməlidir. Əgər yoxdursa, qonşuya, kasıb tələbəyə verilə bilər. Onu da qeyd edim ki, dinimizə görə fəqir elə bir şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da, ailəni idarə etməyə kifayət etmir. Bir sözlə, çox çətinliklə dolanan kasıb və yoxsuldur”,
— Hacı Ramin İgidov dedi.

İgidov onu da əlavə etdi ki, bu il Ramazan bayramı 24 may tarixinə təsadüf edəcəyi ehtimal olunur. Ramazan ayının başlaması Ay təqvimi əsasında olduğundan daha dəqiq 23-ü axşam ayın görünməsi ilə müəyyən olunacaq.

Xatırladaq ki, bu il Ramazan ayı Türkiyə də daxil olmaqla bəzi ölkələrdə aprelin 24-də, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda isə 25-də başlayıb.



Print Email
FaceBook Twitter Google