Bu gün, 26 may tarixində Gürcüstanın müstəqillik günü qeyd
olunur.
Pandemiyaya görə ilk dəfədir ki, 26 may tarixində genişmiqyaslı
tədbirlər keçirilmir. Buna qədər bugünkü gündə Marneulidə də bir
çox tədbirlər həyata keçirilirdi. Bələdiyyə bu günü qeyd etmək üçün
bu il Rustaveli küçəsindən rəmzi şəkildə bayraqlar asıb.
Bu gün müstəqillik günü ilə əlaqədar Vazianidə tədbirlər keçirilib.
Tədbirdə Gürcüstan prezidenti və başqa hökumət üzvləri çıxış
ediblər.
“102 il əvvəl Milli Şura müstəqillik aktı qəbul edib və
bu addımla ölkənin sonrakı inkişafı üçün çox vacib qərar verilib.
Gürcüstan tarixində bu olduqca əhəmiyyətli gündür və məhz o zaman
26 may tarixində ilk respublika bizim ölkənin sonrakı istiqamətini
müəyyənləşdirib. Hər bir gürcünü, bütün Gürcüstan vətəndaşlarını,
abxaz və osetin qardaşlarımızı dövlətimizi birlikdə qurmaq və
uğurıu dövlət yaratmaq ümidi ilə təbrik etmək istəyirəm”,
– Gürcüstanın Baş naziri Qiorqi Qaxaria çıxışında
bildirib.
1918-ci ilin 26 may tarixində Tbilisidə Gürcüstanın Milli Şurası
dövlət müstəqilliyi aktını qəbul edib.
1991-ci ilin 31 mart tarixində Gürcüstanda referendum keçirilib və
həmin vaxt əhali 1918-ci ilin 26 mayında qəbul olunan müstəqillik
aktı əsasında müstəqilliyin bərpasını istəyib-istəmədikləri barədə
suala cavab verməli idi. Referendumda ümumi əhalinin 90,3% iştirak
edib və onların 98,9% suala müsbət cavab verib. Bunun əsasında
1991-ci ilin 9 aprel tarixində Gürcüstanın dövlət müstəqilliyinin
bərpası aktı qəbul olunub.
Bu il Gürcüstanın müstəqilliyindən 102 il ötür.