"Artıq 2012-ci ildən sonra Gürcüstanda istər dini məsələlərdə, istər dövlət məsələlərində xoşagəlməz hadisələr üzə çıxmağa başlayıb", – Azər Süleymanov
"Artıq 2012-ci ildən sonra Gürcüstanda istər dini məsələlərdə, istər dövlət məsələlərində xoşagəlməz hadisələr üzə çıxmağa başlayıb. Yaxşı olardı ki, hər kəs öz işi ilə məşğul olardı. Din adamları Allaha qulluq, xidmət edərdilər. Dinlə məşğul olardılar, siyasi işlərlə məşğul olmazdılar", – bu sözləri "Marneuli" radiosu ilə söhbəti zamanı Milli Hərəkat Partiyasının üzvü və Parlamentin deputatı Azər Süleymanov dedi. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman ölkəsinə sadiq vətəndaş olublar. Deputat son zamanlar Gürcüstanda təxribat xarakterli çıxışların baş verməsini təəssüflə qeyd edir.

"Siz bilirsiniz ki, Gürcüstanda yaşayan Azərbaycanlılar, həmişə xristian dəyərlərinə böyük önəm verib. Hər bir xristian bayramlarında və dinlə bağlı olan bütün tədbirlərə həmişə hörmətlə yanaşmışıq. Gürcüstanın baş katolik-patriarxına Gürcüstanın bir ağsaqqalı kimi yanaşmışıq. Hər bir zaman əlimizdən gələni etmişik. Yəni iki din arasında, müsəlman və xristian dininin arasında sıx əlaqə, körpü kimi olmuşuq. Bu gün bir din adamı siyasi məsələlərə belə münasibəti artıq Gürcüstanda yaşayan azərbaycanlılar üçün demək olar ki, təhqirdir. Yəni biz artıq özümüzü təhqir olunmuş kimi hesab edirik. Birincisi, bu gün, Nəriman Nərimanov əgər kommunizmdən gəlirsə, kommunist haqında danışırlarsa, kommunist olubsa, onda birinci Stalinin heykəli sökülməlidir. Ondan sonra Şaumyanın adı dəyişdirilməlidir. Ölkədə çoxlu kommunistlər var. Bir heykəlin götürülməsini deyən yepiskopa mən deyərdim ki, ilk olaraq Samtsxe-Cavaxetidə Gürcüstanın və Azərbaycanın düşməni olan, separatçı bir adam olan Avaqyanın heykəlindən başlasın", – Azər Süleymanov dedi.

Azər Süleymanovun dediyinə görə, son zamanlar Gürcüstanda Rusiya yönümlü bəyanatlar verilməkdədir, bu cür bəyanatlar isə ölkədə aranı qatmağa yönəlib.

"Yepiskopa bir daha bildirmək istəyərdim ki, dünən başqa bir yepiskop çıxış edib. O, da deyib ki, artıq bizə Avropa dəyərlərinə yox deməliyik. Biz Avropadan, Amerkadan uzaq olmalıyıq. Artıq Rusiya meylli bəyanatlar verirlər. Görünür ki, son zamanlar Gürcüstanda kimlərsə aranı qatmaq istəyir. Heykəl bir növ səbəbdir. Biz də öz tərəfimizdən hər zaman burada əhalini sakitliyə çağırmışıq. Heç bir zaman bizim əhali təxribatlara getmirlər. Amma görünür ki, bu heykəl yalnız kiminsə əlində alət olub. Bu gün seçkiqabağı təxribatlara əl atmaq istəyirlər. Əlbəttə ki, mən belə deyərdim, bunun hamısının arxasında duran Rusiya meyllilərdir və birbaşa dövləti susdurublar. Dövlət də heç bir şeyə münasibət bildirmir. Gürcüstanda yaşayan Azərbaycanlılar təhqir olundular. Mən də onlara qarşı elə fikir yarandı ki, koronavirus Çinin Uhan şəhərindən yox Marneulidən, Gürcüstana yayılıb. Bizi iki ay ərzində demək olar ki, bütün sosial şəbəkələrdə təhqir etdilər, bir adam çıxıb danışmadı. O da yetmədi, Gürcüstan dövlətinin təyin etdiyi elm adamı, əlyazmalar evinin rəhbəri söyüşə, təhqirə keçdi. Dövlət ona belə münasibət bildirmədi. Ona görə də mən dövlətə çağırış edirəm ki, tezliklə belə təxribatların qarşısı alınsın", – Azər Süleymanov dedi.

Deputat onu da əlavə etdi ki, N. Nərimanovun heykəlinin bərpa edilməsini qeyri-hökumət təşkilatları, Gürcüstanda yaşayan azərbaycanlılar tələb etdilər.

"Bu gün məsələ Zaur Darğallıda, ya da başqa birisində deyil. Məsələ ondadır ki, artıq iki millət arasına hansısa məsələ gətirmək istəyirlər. Biz də buna yol vermərik, heç bir zaman. Məqsədyönlü insanları başqa problemlərə yönəldib başqa bir problemlərə istiqamət verirlər ki, insanların bankları yadından çıxsın, insanların aclığı yadından çıxsın. Gündəliyə hansısa məsələ gətirirlər. İnsanları problemlərdən uzaqlaşdırmaq üçün artıq hansısa təxribatlı yolla öz üzərlərinə cəlb etmək istəyirlər. Əlbəttə, buna kimsə qərar vermir ki, rayonların, kəndlərin adının dəyişdirilməsi, bu böyük bir prosesdir. Mən inanıram ki, bu işə yol verməzlər. Bilirsiniz ki, heykəlin bərpasını qeyri-hökumət təşkilatlar, Gürcüstanda yaşayan azərbaycanlılar tələb edirdilər. Bununla bağlı aksiyalar da keçirildi. Zaur Darğallı da Marneuli sakinləri tərəfindən seçilmiş merdir. Birbaşa onun borcudur heykəli bərpa etmək. Başqa yerə minlərlə, milyonlarla pul köçürə bilərlər. Hansısa xırda para işə görə, bunu gündəmə gətirmək düzgün də deyil. Bu bizlərə qarşı hörmətsizlikdir", – Azər Süleymanov dedi.

Gürcüstan Parlamentində yer alan azərbaycanlı deputatlar Savalan Mirzəyev, Mahir Dərziyev və Ruslan Hacıyevlə də əlaqə saxladıq. Onların Marneuli və Hucabinin Yepiskopunun fikirlərinə münasibət bildirmələrini istədik. Savalan Mirzəyev əməkdaşlarmızla söhbəti zamanı bildirdi ki, o, "Marneuli" radiosuna müsahibə vermək istəmir. Mahir Dərziyev də müsahibə verməkdən imtina etdi. O, bildirdi ki, başqa media vasitələrinə Yepiskopunun fikirləri haqda müsahibə verəcək və həmin media vasitəsinə istinadən xəbər hazırlamağımızı məsləhət gördü. Ruslan Hacıyevlə əlaqə saxlayan zaman isə vaxtının olmadığını bildirdi və dedi ki, qısa zaman ərzində özü bizimlə əlaqə saxlayacaq.

Xatırladaq ki, Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) 24 may tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneuli Mədəniyyət Evinin ərazisindəki parkda yerləşən abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.


Mövzu ilə bağlı digər xəbərlər:

Rəssam Rizvan İsmayılın Yepiskop Qiorqi Camdelianiyə bir dost müraciəti...
“Heykəlin bərpası qanunsuz şəkildə həyata keçirilib” – Qiorqi ata Marneuli merini ittiham edir
“Gürcü marşı” Marneuli və Hucabinin yepiskopuna dəstəyini bildirib
Ruhani şəxsin Nərimanov məsələsinə müdaxiləsi bizi haraya aparıb çıxaracaq – tarixçinin və filoloqun dəyərləndirməsi
Yepiskop Qiorqi Marneuli merinə Nərimanovun heykəlinin sökülməsi üçün vaxt verib

Print Email
FaceBook Twitter Google