Marneulidə ictimai nəqliyyat vasitələri 29 may tarixindən fəaliyyətini bərpa edəcəkmi
29 may tarixindən Gürcüstanda bütün növ nəqliyyat vasitələri çalışacaq.
Bu haqda məlumatı Baş nazir Qiorqi Qaxaria bu gün baş tutan brifinqdə bildirib. Onun sözlərinə görə, sərnişinlər üçün maska taxmaq məcburi olacaq. Marneulidə iki aydan artıqdır ki, ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Bələdiyyənin nəqliyyat şirkəti “Avtopark” MMC-nin direktoru Qiqa Calağonia “Marneuli” radiosuna verdiyi müsahibədə bildirdi ki, tövsiyələrə əməl olunmasının çətin olacağından qorxur. 29 may tarixində çalışmağa başlayacaqlarına da əmin deyil.

“Hələ ki, heç nəyə qərar verilməyib. Bununla bağlı çox məsələ həll olunmalıdır. Sonra daha konkret şəkildə qeyd edəcəyəm. Tövsiyələrə əməl etmək nə dərəcədə mümkün olacaq, ilk əvvəl bu problem həll olunmalıdır. Bilirsiniz ki, bizdə bilet sistemi yoxdur və sürücü və sərnişin arasında münasibət yaranır. Hər halda çalışacağıq ki, nəqliyyat işləsin, amma qərar qəbul edən mən deyiləm”, – Qiqa Calağonia deyib. Marneuli avtoparkı pandemiyanın qarşısının alınması məqsədi ilə 20 avtobusun fəaliyyətini dayandırıb.

Marneulidə Qiqa Calağonianın rəhbərlik etdiyi bələdiyyə nəqliyyatından başqa 1 və 2 nömrəli marşrut taksiləri də fəaliyyət göstərir. “Ekspress Turist” MMC-nin direktoru Yuri Samxaradze ölkədə ictimai nəqliyyatının çalışacağı tarixi bizdən eşitdiyini bildirdi. O, Marneuli radiosu ilə söhbətində işə başlamağa hazır olduğunu dedi.

“29-dan? – bilmirdim, mən ayın 10-dan bilirdim, ola bilsin tezləşdiriblər. Biz işə başlamağa hazırıq. Vəziyyətə baxacağıq. Baxaq hansı tövsiyələri verəcəklər, buna görə qərar qəbul edəcəyik.”

Yerli özünüidarədən “Marneuli” radiosuna bildiriblər ki, bələdiyyə nəqliyyatının fəaliyyəti müzakirə olunmayıb.

Marneulidə bütün növ ictimai nəqliyyatın hərəkəti 17 mart tarixində dayandırılıb.


Print Email
FaceBook Twitter Google