“Bizim üçün, suveren və müstəqil bir dövlət üçün keçmiş
kommunizm atributları, bolşevizm və demokratiyaya zidd olan
düşüncəli insanların hər hansısa bir ideologiyası yol
verilməzdir”,
– Bu barədə “Avropalı Gürcüstan” partiyasının siyasi şurasının üzvü
Əhməd İmamquliyev “Marneuli” radiosuna Marneuli və Hucabinin
Yepiskopu Qiorqinin (Camdeliani) Marneuli meri Zaur Darğallını
Nəriman Nərimanovun heykəlinin bərpasına münasibəti ilə bağlı
danışarkən bildirdi.
İmamquliyevin sözlərinə görə, Marneulililər Nərimanovu
siyasi-ictimai xadim, həkim və dahi bir insan kimi tanıyırlar. O,
son zamanlarda Nərimanov haqqında səsləndirilən fikirlərin həqiqətə
uyğun olmadığını dedi.
“Nəriman Nərimanov bolşevizmin yeni addım atan vaxtında
fəaliyyətə başlayıb. Bizim, Marneulilərin yadında qalan Nərimanovun
heç də bolşevizm və kommunizmlə əlaqəsi yoxdur. O, ilk ictimai
addımlarını Marneulidə, Qızılhacılı kəndində atıb, orada məktəb
müəllimi olub. Məktəbin bərpasına, tikilməsinə imza atan
şəxslərdəndir, orada həkim kimi fəaliyyət göstərib. Ən əsası o,
yazardır, onun yazdığı əsərlər bizim üçün tarixi keçmişdir və bizim
mənəvi dəyərimizdir. Biz icazə vermərik ki, xalqımızın,
millətimizin dəyərlərinə kimsə toxuna bilsin. Hörmət qarşılıqlıdır.
Biz necə ki, başqa millətlərin dəyərlərinə hörmət ediriksə, gərək
həmin insanlar da milli mənsubiyyətindən asılı olmayaraq
bir-birinin dəyərlərinə hörmət etsin.”
İmamquliyev heykəlin bərpası üçün məbləğin meriya tərəfindən deyil,
Zaur Darğallının şəxsi vəsaitindən ayrıldığını qeyd etdi. O,
heykəlin bərpasında öz cibindən pul xərclədiyinə görə Darğallıya
təşəkkürünü bildirdi.
“Təmirlə bağlı bir söz deyə bilmirəm. Bu Marneuli meriyasının
ayırdığı bir pul deyil, bu şəxsi məbləğlə, bildiyimiz qədər Zaur
Darğallının təşəbbüsü olub. Kim burada pul ayırıbsa, bunun üçün nə
qədər məbləğ ayırıbsa, təşəkkür edirəm ki, öz ciblərindən pul
xərcləyiblər və şəhərimizin mərkəzində olan heykəlini bərpa
ediblər”, – Əhməd İmamquliyev dedi.
Əhməd İmamquliyev deyir ki, Nərimanovun heykəlinin yerləşdiyi park
və eləcə də parkın ərazisində olan Mədəniyyət evinin adı əvvəllər
Nəriman Nərimanov adına olub. O, düşünür ki, Darğallı heykəlin
bərpası ilə birlikdə Mədəniyyət evi və parkın adını da qaytarmalı
idi.
“Mən heykəlin bərpasını bizim meriyadan gözləyərdim, nəinki heykəl,
buradakı Nəriman Nərimanov adına olan park, hansı ki, bizim
yaddaşımızda belə qalıb. Yaxşı olardı ki, bu park da heykəllə
birlikdə təmir olunardı. Parkın özü də pis gündədir. Düşünürəm ki,
Zaur Darğallı heykəli bərpa edərək xalqın rəğbətini qazana bilmədi.
Xalqın rəğbətini məsələni ümumi şəkildə həll etmiş olsa, qazana
bilərdi. Parkın içərisində Mədəniyyət evi də yerləşir, keçmişdə
Nərimanov adına Mədəniyyət evi etmişdilər buranın adını, Nərimanov
parkının adını bərpa edərdi, o zaman xalqın rəğbətini qazanardı.
Biz bilərdik ki, Zaur Darğallı iş kökündən həll
edib.”
O, Zaur Darğallıya da səsləndi, Marneuli və Hucabinin Yepiskopu
Qiorqi (Camdeliani) tərəfindən merə ünvanlanan fikirlərə
Darğallının sakit qalmasının düzgün olmadığını bildirdi və qınaqdan
qorxmamasını tövsiyə etdi.
“Xüsusən son zamanlar Nərimanovun heykəlinin bərpası ilə bağlı Zaur
Darğallının adı səslənir. Bu hay-harayda o, gizlənir. Onun
gizlənməsini mən müsbət qarşılamıram. Çox təəssüf olsun ki, daha
əvvəl də dediyim kimi o, qınaqdan qorxaraq və çəkinərək gizlənməyi
üstün tutdu. Zaur Darğallıya səslənirəm ki, yaxşı olardı Qiorqi
Camdelianiyə özü cavab versin ki, onun merdən nəyisə tələb etməyə
ixtiyarı yoxdur, təklif etməyə ixtiyarı yoxdur. Xalqın tələb etməyə
ixtiyarı var”, – Əhməd İmamquliyev dedi.
Yepiskop 24 may tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun
Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən
abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr
istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.
Nərimanovun abidəsinin bərpası 2020-ci ilin fevral ayında başlayıb.
3 mart tarixində Marneuli meri “Marneuli” radiosuna bildirmişdi ki,
abidənin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.