Yepiskop Qiorqinin (Camdeliani) Darğallıdan nəyisə tələb etməyə haqqı yoxdur! – Əhməd İmamquliyev
“Bizim üçün, suveren və müstəqil bir dövlət üçün keçmiş kommunizm atributları, bolşevizm və demokratiyaya zidd olan düşüncəli insanların hər hansısa bir ideologiyası yol verilməzdir”, – Bu barədə “Avropalı Gürcüstan” partiyasının siyasi şurasının üzvü Əhməd İmamquliyev “Marneuli” radiosuna Marneuli və Hucabinin Yepiskopu Qiorqinin (Camdeliani) Marneuli meri Zaur Darğallını Nəriman Nərimanovun heykəlinin bərpasına münasibəti ilə bağlı danışarkən bildirdi.

İmamquliyevin sözlərinə görə, Marneulililər Nərimanovu siyasi-ictimai xadim, həkim və dahi bir insan kimi tanıyırlar. O, son zamanlarda Nərimanov haqqında səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını dedi.

“Nəriman Nərimanov bolşevizmin yeni addım atan vaxtında fəaliyyətə başlayıb. Bizim, Marneulilərin yadında qalan Nərimanovun heç də bolşevizm və kommunizmlə əlaqəsi yoxdur. O, ilk ictimai addımlarını Marneulidə, Qızılhacılı kəndində atıb, orada məktəb müəllimi olub. Məktəbin bərpasına, tikilməsinə imza atan şəxslərdəndir, orada həkim kimi fəaliyyət göstərib. Ən əsası o, yazardır, onun yazdığı əsərlər bizim üçün tarixi keçmişdir və bizim mənəvi dəyərimizdir. Biz icazə vermərik ki, xalqımızın, millətimizin dəyərlərinə kimsə toxuna bilsin. Hörmət qarşılıqlıdır. Biz necə ki, başqa millətlərin dəyərlərinə hörmət ediriksə, gərək həmin insanlar da milli mənsubiyyətindən asılı olmayaraq bir-birinin dəyərlərinə hörmət etsin.”

İmamquliyev heykəlin bərpası üçün məbləğin meriya tərəfindən deyil, Zaur Darğallının şəxsi vəsaitindən ayrıldığını qeyd etdi. O, heykəlin bərpasında öz cibindən pul xərclədiyinə görə Darğallıya təşəkkürünü bildirdi.

“Təmirlə bağlı bir söz deyə bilmirəm. Bu Marneuli meriyasının ayırdığı bir pul deyil, bu şəxsi məbləğlə, bildiyimiz qədər Zaur Darğallının təşəbbüsü olub. Kim burada pul ayırıbsa, bunun üçün nə qədər məbləğ ayırıbsa, təşəkkür edirəm ki, öz ciblərindən pul xərcləyiblər və şəhərimizin mərkəzində olan heykəlini bərpa ediblər”, –
Əhməd İmamquliyev dedi.

Əhməd İmamquliyev deyir ki, Nərimanovun heykəlinin yerləşdiyi park və eləcə də parkın ərazisində olan Mədəniyyət evinin adı əvvəllər Nəriman Nərimanov adına olub. O, düşünür ki, Darğallı heykəlin bərpası ilə birlikdə Mədəniyyət evi və parkın adını da qaytarmalı idi.

“Mən heykəlin bərpasını bizim meriyadan gözləyərdim, nəinki heykəl, buradakı Nəriman Nərimanov adına olan park, hansı ki, bizim yaddaşımızda belə qalıb. Yaxşı olardı ki, bu park da heykəllə birlikdə təmir olunardı. Parkın özü də pis gündədir. Düşünürəm ki, Zaur Darğallı heykəli bərpa edərək xalqın rəğbətini qazana bilmədi. Xalqın rəğbətini məsələni ümumi şəkildə həll etmiş olsa, qazana bilərdi. Parkın içərisində Mədəniyyət evi də yerləşir, keçmişdə Nərimanov adına Mədəniyyət evi etmişdilər buranın adını, Nərimanov parkının adını bərpa edərdi, o zaman xalqın rəğbətini qazanardı. Biz bilərdik ki, Zaur Darğallı iş kökündən həll edib.”


O, Zaur Darğallıya da səsləndi, Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) tərəfindən merə ünvanlanan fikirlərə Darğallının sakit qalmasının düzgün olmadığını bildirdi və qınaqdan qorxmamasını tövsiyə etdi.

“Xüsusən son zamanlar Nərimanovun heykəlinin bərpası ilə bağlı Zaur Darğallının adı səslənir. Bu hay-harayda o, gizlənir. Onun gizlənməsini mən müsbət qarşılamıram. Çox təəssüf olsun ki, daha əvvəl də dediyim kimi o, qınaqdan qorxaraq və çəkinərək gizlənməyi üstün tutdu. Zaur Darğallıya səslənirəm ki, yaxşı olardı Qiorqi Camdelianiyə özü cavab versin ki, onun merdən nəyisə tələb etməyə ixtiyarı yoxdur, təklif etməyə ixtiyarı yoxdur. Xalqın tələb etməyə ixtiyarı var”,
– Əhməd İmamquliyev dedi.

Yepiskop 24 may tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.

Nərimanovun abidəsinin bərpası 2020-ci ilin fevral ayında başlayıb. 3 mart tarixində Marneuli meri “Marneuli” radiosuna bildirmişdi ki, abidənin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.
"Marneuli" Radiosu
Print